YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Slovakiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və uğurla inkişaf etdirilməsidir. Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir.  Bu günlərdə Slovakiya  Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri bir daha bu məsələlərə işıq saldı. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Qarşılıqlı səfərlər əlaqələrin uğurlu inkişafında əhəmiyyətli rol oynayır. Ötən il dövlətimizin başçısı İlham Əliyev Slovakiyada rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkənin əlaqələrinin inkişafında hüquqi baza rolunu oynayan bir sıra mühüm sənədlər imzalanmışdır. Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşlərdə strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, investisiya və humanitar əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunmuşdur.  Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri  ikitərəfli münasibətlərdə mühüm tarixi hadisə kimi dəyərləndirildi. Görüşlər zamanı Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət etmişdi. İyulun 14-də həmin dəvətin reallaşması Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafının və yüksəksəviyyəli siyasi dialoqun ardıcıl xarakter daşıdığının göstəricisidir. Prezident Peter Pelleqrininin Azərbaycana  səfəri qarşılıqlı etimadın möhkəmləndiyini və ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırdığını nümayiş etdirir.

Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm: “Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər”.

Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə imzalanan strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurlu icrası göz önündədir. Belə fəal siyasi təmaslar, birgə layihələrin icra olunması güclü siyasi iradənin göstəricisidir.

Prezident İlham Əliyev “Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir” söyləyərək bu əminliyi də ifadə etdi ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir: “Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir”.