Xəbərlər
Azərbaycan reallıqlarının dünyaya təqdimatı
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev tədbirdə iştirak etdi, Forum iştirakçılarının suallarını cavablandırdı. Builki Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak etdi. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.
Azad Qarabağda, azad Şərqi Zəngəzurda bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixə yazılıb. Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən Şuşa Qlobal Media Forumu Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platformadır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə Forumların ənənəvi keçirilməsi özündə vacib məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən dünənimizə və bu günümüzə baxış əsasında qarşıda dayanan hədəfləri, müasir dövrün çağırışlarını diqqətə çatdırdı, Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, malik olduğu təcrübədən bəhs edərək əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanları açıqladı. Artıq sülh şəraitində yaşayırıq. Dayanıqlı sülhə, təhlükəsizliyə Azərbaycanın töhfələri, beynəlxalq səviyyədə ölkəmizin mövqeyinin dəstəklənməsi müzakirələrdə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Türk dünyasının birliyi məsələsinə yönəltdi. Azərbaycan-Özbəkistan münasibətlərinin timsalında bu birliyi, həmrəyliyi geniş təhlil etdi. Hazırda bu həmrəyliyi dünya işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində görür. Cənab İlham Əliyev Forumda bildirdi ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər – Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib.
Cənab İlham Əliyev onu da vurğuladı ki, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Özbəkistan öz qardaşlıq missiyasını təkcə məktəblə yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki yenə də Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə birlikdə biz o fabriki ziyarət etmişik. Bir çox iqtisadi-sənaye layihələri icra edilir. Həm Azərbaycan investisiyaları, həm Özbəkistan investisiyaları qoyulur. Biz 500 milyon dollar dəyərində birgə sərmayə fondu yaratdıq. Bu sərmayə fondu həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə bir müjdə, xoş xəbər verəcəklər. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, “Üstyurt” yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq: “O ki qaldı, Azərbaycan-Mərkəzi Asiya formatına, burada da Prezident Mirziyoyevin müstəsna xidmətləri, xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər”.
Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış Proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək.
Forumda “Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır: “Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun”.
