YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın diqqəti növbəti dəfə Şuşaya yönəldi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu qısa müddət ərzində dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir.

IV Şuşa Qlobal Media Forumu iyulun 14-də öz işini başa çatdırdı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olundular. İki gün davam edən Forum çərçivəsində media və rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin jurnalistikaya təsiri, etibarlı informasiya mühitinin formalaşdırılması, böhran dövründə medianın rolu və sülhün təşviqində informasiya siyasətinin əhəmiyyəti kimi aktual mövzular ətrafında panel müzakirələri, interaktiv sessiyalar və fikir mübadilələri keçirildi. Tədbir yerli və xarici media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə, təcrübə mübadiləsinin təşviqinə və müasir informasiya mühitində qarşıya çıxan çağırışların birgə müzakirəsinə geniş imkanlar yaratdı.

Forumun keçirilməsi tarixinə nəzər salaq. 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib.  2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına həsr olunub. Bu günədək  81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirir.

Mövzuların aktuallığı, dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarının suallarını hərtərəfli cavablandırması, səsləndirdiyi çağırışlar, hər Forumda ötən bir ilin mənzərəsinin geniş təhlili və bu fonda qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsi və sair kimi məqamlar iştirakçılarda marağı artırmaqla yanaşı, onların say artımına da öz təsirini göstərir. Tədbir iştirkçılarının Forumla bağlı  fikirlərinə diqqət yetirdikdə ümumi rəy bundan ibarətdir ki, həm Azərbaycanı görmək, onun reallıqları ilə yaxından tanış olmaq imkanı qazanır, həm də əməkdaşlıq üçün fürsət əldə edirlər.  Səmimi formatda  dialoqun aparılması təqdir edilir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Şuşa Qlobal Media Forumu iştirakçılar üçün xüsusi maraq kəsb edir. Onlar azad edilmiş ərazilərimizdə görülən işlərlə yaxından tanış olur, Azərbaycan xalqının necə qurucu xalq olduğunu görürlər. Dövlətimizin başçısı İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində ilk olaraq tədbirin keçirilmə məqsədini açıqlaması da özündə mühüm məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirdi ki, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.

Bir sözlə, Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq humanitar diplomatiyasının mühüm elementlərindən biri olmaqla, ölkəmizin açıq dialoqa, beynəlxalq əməkdaşlığa və qlobal media gündəliyinin formalaşmasına verdiyi töhfənin bariz göstəricisidir.