Xəbərlər
Şuşa Qlobal Media Forumu ölkəmizin açıq dialoqa, beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin təqdimatıdır
“İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev tədbirdə iştirak etdi, Forum iştirakçılarının suallarını cavablandırdı. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi diqqətdədir. Forumun hər il seçilən mövzuları ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini, qarşısında dayanan əsas çağırışları özündə ehtiva edir. IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd ildə Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Bu statistik rəqəm tədbirin əhəmiyyətini, gündəmə gətirdiyi məsələlərin aktuallığını bir daha təsdiqləyir. 2023-cü ildən başlayaraq ənənəvi keçirilən Şuşa Qlobal Media Forumları tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqların dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Azad Şuşanın bu nüfuzlu tədbirə ev sahibliyi mühüm məqamların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bir daha tədbirin keçirilməsini şərtləndirən amillərə diqqət yönəltdi. Qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm platforma kimi çıxış edən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini, yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə hər bir məsələ ilə bağlı ölkəmizin yanaşmasına nə qədər böyük önəm, dəyər verildiyini nümayiş etdirir. Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimizin Azərbaycana qazandırdığı uğurlar davamlılığı ilə diqqətdədir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, azad Şuşa media sahəsində də əməkdaşlığının mühüm mərkəzlərindən biri olduğunu təsdiqləyir: “Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində tədbirin keçirilmə məqsədini açıqladı və vurğuladı ki, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq bura gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. Mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanların Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilməsindən əminik. Bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.
Son dörd il qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olduğunu göstərir. Bu illər ərzində iştirakçıların sayı daha da artıb. Onlar arasında əlaqələr daha da möhkəmlənir ki, bu da təmsil etdikləri ölkələr barədə dolğun məlumatlar çatdırmalarında vacib amillərdən biridir. Azad edilmiş ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib. Soydaşlarımız Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində dogma yurd-yuvalarına qayıdır. Azərbaycan hazırda təkmil dirçəliş və sülh modeli ilə dünyanın diqqətindədir. Müxtəlif ölkələrin media təmsilçilərinin azad Qarabağda bir araya gələrək aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaları, bu torpaqlarda görülən işləri yaxından izləmək imkanı əldə etmələri qürurverici hadisələrdəndir”.
Malik Həsənov vurğulayıb ki, ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun əhəmiyyətini açıqlayan məqamlardan biri, təbii ki, dövlətimizin başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması, regionda baş verən siyasi proseslər, Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, regional təhlükəsizlik, enerji siyasəti və digər aktual məsələlərlə bağlı geniş məlumat verməsidir: “Şuşa Qlobal Media Forumunun sual-cavab formatında təşkili iştirakçılar tərəfindən yüksək dəyərləndirilir. Bu format, eyni zamanda, Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. Forum çərçivəsində səsləndirilən çağırışlar dünyanın aparıcı media qurumlarında geniş işıqlandırılır, beynəlxalq ekspert dairələrində müzakirə olunur və qlobal informasiya məkanında böyük maraq doğurur”.
Millət vəkili bildirib ki, iki saat yarım davam edən müzakirələr Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, hazırkı vaxtda sülh təcrübəsi ilə diqqətdə olduğunu, etimad quruculuğunun prioritetliyini nümayiş etdirdi: “Sülhün təşviqində medianın qarşısında dayanan vəzifələr, həmçinin həqiqətin bərpası, etimadın yenidən qurulması üçün görülən və görüləcək işlər diqqətə çatdırıldı. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən diqqət göstərdiyi məsələlərdən biri Azərbaycan-ABŞ münasibətləri oldu. Ötən ilin avqustunda cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı əldə edilən razılaşmalardan sonrakı dövrün reallıqlarına xüsusi diqqət yönəldildi. Bir ildən az müddətdir ki, sülh şəraitində yaşayırıq. Cənab İlham Əliyev bu reallıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq”.
Malik Həsənov qeyd edib ki, hər bir Forum uğurlu nəticələri ilə tarixə yazılır: “Dövlətimizin başçısı İlham Əliyev ilk tədbirdə bu arzunu ifadə etmişdir ki, Forum bir ənəyə çevrilsin.
Artıq bu ənənənin şahidiyik. Regionda və dünya siyasətində baş verən dəyişikliklər, dövrün yeni hədəfləri, çağırışları Forumun əhəmiyyətini daha da artırır. Bir Forumdan növbəti Foruma qədər baş verən yeniliklər, əldə olunan uğurlar müzakirəyə çıxarılacaq məsələlərin müəyyənləşdirilməsində öz sözünü deyir. Vaşinqton razılaşmaları Azərbaycanın son bir ildə əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biridir. Ölkəmiz ardıcıllıqla hədəflərə doğru inamla irəliləyir, uğurlu nəticələrə imza atır. Hər bir addım gələcəyə hədəflənir. Dövlətimizin başçısı İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bir daha bu çağırışı etdi ki, gələcəyə baxmalıyıq. Dünya dəyişir. Yeni təhdidlər, təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, heç vaxt olmayacaq. Bu mübarizə öz hüquqlarımızı, milli kimliyimizi qorumaq, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün daimi olmalıdır”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, Şuşa Qlobal Media Forumu media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini daha da möhkəmləndirir.
