Xəbərlər
Milli dövlətçiliyimizin yeni mərhələsi
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
14 iyul 1969 Azərbaycan tarixində intibahın, milli özünüdərkin və milliləşmə prosesinin başlandığı gündür. Bu tarix xalqımızın dövlət müstəqilliyinə aparan yolun təməlinin qoyulduğu mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün xalqımızın əvəzolunmaz lideri Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın inkişaf salnaməsində yeni mərhələ başlandı.
Qısa müddətdə Azərbaycanın iqtisadi potensialı gücləndi, sənaye və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olundu, elm, təhsil və mədəniyyət sahələrində genişmiqyaslı islahatlar həyata keçirildi. Milli kadrların hazırlanması, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi həyata keçirilən siyasətin əsas istiqamətlərinə çevrildi. 14 iyul 1969-cu ildən başlanan inkişaf xətti müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi təməllərini formalaşdırdı. Tarix təsdiqlədi ki, həmin dövrdə atılan məqsədyönlü addımlar gələcək dövlət müstəqilliyi üçün möhkəm zəmin yaratdı, Azərbaycanın müasir və qüdrətli dövlət kimi yüksəlişinin əsasını qoydu.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev fəaliyyətinin ilk günlərindən respublikada milliləşmə prosesinə xüsusi önəm verdi. Ana dilimizin qorunması və inkişafı, milli-mənəvi dəyərlərin yaşadılması, istedadlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi həyata keçirilən siyasətin mühüm istiqamətlərindən oldu.
Ulu öndər milli ziyalıların qorunmasına, elmi və yaradıcı mühitin inkişafına böyük diqqət ayıraraq xalqın intellektual potensialının güclənməsinə xidmət edən ardıcıl addımlar atdı. Heydər Əliyevin siyasi rəhbərliyə gəlişindən sonra respublikada ictimai-siyasi mühit dəyişdi, inkişaf və yüksəliş dövrü başlandı. Azərbaycan yeni nailiyyətlər qazandı, gələcək müstəqil dövlətçiliyin möhkəm təməlləri formalaşdı. Həmin dövrdə paytaxt Bakı da daxil olmaqla şəhər və rayonlarda milliləşmə prosesi zəif idi. İctimai məkanda yabançı dil üstünlük təşkil edirdi. Yaşayış məhəllələri, küçələr və müxtəlif obyektlər əsasən xarici dilli lövhə və afişalarla bəzədilmişdi. Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan dilinin ictimai həyatda mövqeyinin gücləndirilməsi üçün ardıcıl addımlar atıldı. Nəticədə milliləşmə prosesi genişləndi. Azərbaycan dili və milli kimlik ictimai həyatın ayrılmaz hissəsi oldu.
Məhz buna görə 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində intibahın və milli dirçəlişin başlanğıcı kimi yaddaşlara hopub. Bu tarix Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, müasir dövlətçilik ənənələrinin möhkəmlənməsinin başlanğıcıdır.
Sonrakı illərdə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi onun şəxsi siyasi yüksəlişi kimi yadda qalmadı. Bu xoş hadisə Azərbaycanın keçmiş ittifaq məkanında nüfuzunun artmasının, xalqımızın yüksək intellektual və idarəçilik potensialının təsdiqi idi. İlk dəfə olaraq bir azərbaycanlı dünyanın ən qüdrətli dövlətlərindən birinin ali siyasi rəhbərliyində təmsil olunurdu və bu dönəmdə Azərbaycana qarşı qərəzli mövqelər sərgiləyən qüvvələr istəklərini açıq şəkildə həyata keçirə bilmirdilər. Çünki Heydər Əliyevin siyasi nüfuzu və qətiyyətli mövqeyi Azərbaycanın maraqlarının etibarlı müdafiəsinə çevrilmişdi.
1990-cı ilin 20 Yanvar faciəsi zamanı Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Moskvada SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayəti açıq şəkildə pislədi. Mixail Qorbaçovun riyakar siyasətini kəskin tənqid etməsi və ardınca Kommunist Partiyasının sıralarını tərk etməsi onun xalqına sədaqətinin və prinsipial mövqeyinin parlaq təzahürü idi.
Bundan sonra Heydər Əliyevin siyasi səhnədə olmamasının nəticəsi kimi Azərbaycan ağır sınaqlarla üz-üzə qaldı. 20 Yanvar faciəsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, ölkədaxili siyasi böhran və vətəndaş qarşıdurması dövlət müstəqilliyini real təhlükə ilə üz-üzə qoydu. Həmin o ağır günlərdə,
1993-cü ildə xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı xaosdan çıxardı, dövlətçiliyi qorudu, sabitliyi təmin etdi və inkişafın möhkəm təməlini formalaşdırdı. Azərbaycan qısa müddətdə regionun söz sahibi olan dövləti oldu.
Zaman sürətlə keçir, lakin böyük Heydər Əliyev müqəddəs dəyər kimi heç vaxt unudulmur. Tarix sübut etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin taleyində rolu əvəzsizdir. Bu baxımdan 1969-cu il 14 iyul Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı kimi tariximizə həkk olunub. Bu tarixi yazan böyük şəxsiyyət hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaq.
