Xəbərlər
Kamilə Əliyeva: Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir
«Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin, təfəkkürünün inkişafına xidmət edir». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Onun sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib.
«Digər tərəfdən, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar da dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir»- deyə, K.Əliyeva qeyd edib.