Xəbərlər
Şəmkirdə 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirib.
Əvvəlcə tədbir iştiakçıları Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət quruculuğu sisteminin formalaşdırılması, dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə modelinin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. F.Vəliyev qeyd edib ki, Ulu Öndərin dövlət quruculuğu sahəsində müəyyənləşdirdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət idarəçiliyində çeviklik, şəffaflıq, innovativ yanaşma və vətəndaşlara operativ xidmət prinsipləri uğurla tətbiq olunur.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vurğulayıb ki, dövlət qulluğu xalqa sədaqət və xidmət, yüksək məsuliyyət tələb edən şərəfli missiyadır. O bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunçuluq, ədalət, etik davranış, peşəkarlıq amillərini üstün tutmalı, dövlət başçısının etimadını doğrultmaq üçün vicdanla çalışmalıdır. Qeyd olunub ki, müasir dövrün çağırışları dövlət qulluqçularından daha çevik, təşəbbüskar, yeniliklərə açıq və məsuliyyətli olmağı tələb edir. Vətəndaş müraciətlərinə operativ baxılması, onların qayğılarına həssas yanaşılması, dövlət xidmətlərinin keyfiyyətinin artırılması əsas prinsiplərdən biridir.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, dövlət qulluğu cəmiyyətin inkişafına xidmət edən mühüm və məsuliyyətli fəaliyyət sahəsidir. Bildirilib ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında, vətəndaş məmnunluğunun təmin olunmasında, dövlətçilik dəyərlərinin qorunub möhkəmləndirilməsində dövlət qulluqçularının rolu danılmazdır.
Sonda YAP Şəmkir rayon təşkilatı tərəfindən bir sıra dövlət qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
