Xəbərlər
Yeni Azərbaycan Partiyasının nümayəndələri Tacikistanda siyasi partiyalar forumunda iştirak edib
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin məsləhətçisi Əsmər Nəbizadə Tacikistan Respublikasına səfər ediblər.
İyunun 10-da YAP nümayəndə heyətinin Tacikistan Xalq Demokratik Partiyası (TXDP) sədrinin birinci müavini Malikşo Nematzoda ilə görüşü keçirilib. Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən, xalqlarımızın ortaq tarixi-mədəni dəyərlərindən və iki ölkə arasında əməkdaşlığın perspektivlərindən bəhs olunub. Tərəflər dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıblar.
Görüş zamanı tərəflər siyasi partiyalar arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Sonda birgə xatirə fotoları çəkdirilib.
Həmin gün nümayəndə heyətlərinin Düşənbə şəhərinin bir sıra tarixi-mədəni məkanları, o cümlədən Tacikistan Milli Tarix Muzeyi, Milli Kitabxana və şəhərin yaxınlığındakı qədim Hissor qalasını ziyarəti təşkil edilib.
Həmçinin forum iştirakçılarının Hisar şəhərindəki Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri” siyahısına daxil edilmiş albalı bağına ziyarəti də təşkil olunub, iştirakçılara regionun kənd təsərrüfatı potensialı, aqrar inkişaf modeli və ekoloji dayanıqlılıq istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
İyunun 11-də YAP nümayəndələri Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Düşənbədə keçirilən “Siyasi partiyalar və əməkdaşlığın yeni üfüqləri” mövzusunda Siyasi Partiyalar Forumunda iştirak ediblər.
Əvvəlcə forum iştirakçıları Tacikistan dövlətçiliyinin banisi İsmayıl Somoninin abidəsi önünə çələng və gül dəstələri qoyaraq onun xatirəsini yad ediblər.
Forumun açılış mərasimində TXDP sədrinin birinci müavini Malikşo Nematzoda, Tacikistan Respublikası Prezidentinin Sosial İnkişaf və İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi, Prezident Administrasiyasının baş məsləhətçisi Abdullozoda Məsrur Əhməd, TXDP-nin parlament fraksiyasının sədri Hakimzoda Şərif Saidoviç çıxış ediblər.
TXDP Mərkəzi İcraiyyə Komitəsinin üzvü Səidzoda Zəfər Şərəlinin moderatorluğu ilə keçirilən plenar iclaslarda Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova, Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan, “Yedinaya Rossiya” Partiyasının Lenin rayon bölməsinin katibi Andrey Denisov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov, Tacikistan Aqrar Partiyasının sədri Rüstəm Barot, Tacikistan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İnformasiya Təminatı şöbəsinin müdiri Bəxtiyar Həmdəmov çıxış ediblər.
Çıxışlarda ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, regional təhlükəsizliyin təmin olunması və çoxtərəfli əməkdaşlığın təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Plenar iclasda çıxış edən YAP İdarə Heyətinin üzvü Azər Badamov qardaş Tacikistan xalqını dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edərək ölkəyə davamlı inkişaf, sabitlik və rifah arzulayıb.
Azər Badamov bildirib ki, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrini ardıcıl şəkildə genişləndirir, dost və tərəfdaş ölkələrin siyasi partiyaları ilə fəal əməkdaşlıq edir. O qeyd edib ki, Azərbaycan-Tacikistan münasibətlərinin uğurlu inkişafı fonunda YAP ilə TXDP Partiyası arasında əməkdaşlıq da dinamik şəkildə inkişaf edir və bu, xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
YAP İdarə Heyətinin üzvü çıxışında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şuşada keçirilən beynəlxalq konfransların əhəmiyyətindən də bəhs edib. O bildirib ki, 2022-ci ildən etibarən təşkil olunan bu tədbirlər beynəlxalq siyasi dialoqun inkişafına mühüm töhfə verir. Azər Badamov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçiriləcək builki beynəlxalq konfransda da çoxsaylı ölkələrin aparıcı siyasi partiyalarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə qlobal əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılacağını deyib.
Forum çərçivəsində nümayəndə heyətləri həmçinin Tursun Uljabayev adına Nurek Su Elektrik Stansiyasını və bəndini ziyarət edib, Nurek şəhərində fəaliyyət göstərən “Nar bağı” MMC-nin fəaliyyəti ilə tanış olublar. İştirakçılar xalq sənətkarlığı sərgisinə baxış keçirib, daha sonra Tacikistanın milli-mədəni irsini əks etdirən mədəni proqram və rəsmi ziyafətdə iştirak ediblər.
İyunun 12-də forum iştirakçıları Tacikistan Respublikası Parlamentinin binasını ziyarət edərək Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə parlamentlərarası və partiyalararası əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 12-də səfər başa çatıb.
