Xəbərlər
Milli Qurtuluşdan Zəfərə
İmişli rayonunda İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – “Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluşdan Zəfərə” adlı tədbir keçirib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Aran, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları İmişli şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. O qeyd edib ki, müasir Azərbaycan tarixinin parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev vurğulayıb ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndər tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Onun zəngin dövlətçilik irsi çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan mühüm amildir. O, hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Səyyad Aran qeyd edib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını Azərbaycanın tərəqqisinə və xalqın xoşbəxtliyinə həsr edib.
İmişli rayon prokuroru Valeh Səmədov söyləyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli dövlətçiliyin gücləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verib, xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb.
Bildirilib ki, bugünkü Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Buna görə də müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir.
Çıxışlardan sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra İmişli rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət məktəbinin birgə hazırladığı konsert proqramı olub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
