Xəbərlər
Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu
"Lidersiz ölkə məhvə məhkumdur. Cəmiyyətdə baş verən pozuculuq, pərakəndəlik, xaos və milli hədəfin olmaması lidersizlikdən doğan kədərli mənzərədir. Ötən əsrin sonlarında canı, qanı bahasına imperiya qüvvələrinə qarşı əliyalın mübarizə apararaq müstəqilliyini qazanan Azərbaycan da belə bir mənzərənin astanasına gəlib çıxmışdı. Azadlıq əldə olunmuşdu, lakin onu qorumağa qadir siyasi iradə və milli birlik formalaşmamışdı.
Lidersizliyin yaratdığı boşluq ölkəni getdikcə dərinləşən xaosa sürükləyirdi. Separatizm meyilləri güclənir, iqtisadi tənəzzül, işsizlik və ağır sosial problemlər cəmiyyətdə ümidsizlik yaradırdı. Dövlət idarəçiliyindəki zəiflik, ardıcıl olmayan daxili və xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinə mənfi təsir göstərir, ölkəni təcrid olunmuş vəziyyətə salırdı. Silahlı birləşmələr vahid dövlət iradəsindən daha çox ayrı-ayrı maraq qruplarına xidmət edir, milli maraqlar arxa plana keçmişdi. Yaranmış bu qarışıqlıq və idarəetmə böhranı isə Azərbaycanın düşmənlərinin işinə yarayır, torpaqlarımızın bir-birinin ardınca işğal olunmasına şərait yaradırdı. Azərbaycan müstəqilliyini yenidən itirməyin astanasına sürüklənmişdi. Xalq yoxsulluğun, ümidsizliyin və qeyri-müəyyənliyin girdabında çabalayırdı. Ölkədə hakim olan siyasi hərc-mərclik dövlətin təməl sütunlarını sarsıdaraq cəmiyyəti vətəndaş müharibəsinə doğru aparırdı. Dövlət iradəsinin zəiflədiyi, qanunun işləmədiyi, silahın sözə hökm etdiyi bir vaxtda Azərbaycanın taleyi ciddi təhlükə altına düşmüşdü.
Belə mürəkkəb və təhlükəli dövrdə dövlətçiliyi xilas edəcək, xalqı vahid məqsəd ətrafında birləşdirəcək və ölkəyə inkişaf istiqaməti göstərəcək güclü, həqiqi liderə ehtiyac hər zamankından daha aydın hiss olunurdu.
Azərbaycanın isə tarix səhnəsində hələ sözünü deməmiş son ümidi vardı. Xalqın ən ağır günündə arxalanacağı, dövlətin taleyini şəxsi taleyindən üstün tutan lider aramızda idi." Bu fikirləri ETN-nin Riyaziyyat PHŞ-nin bərk cisim mexanikası labaratoriyası müdiri, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqın taleyinə biganə qalaraq hadisələri kənardan izləyə bilməzdi. Ölkə başsızlığın yaratdığı uçuruma doğru sürükləndikcə onun liderlik keyfiyyətləri daha qabarıq görünürdü. Çünki böhran dövrlərində liderlər tutduqları vəzifə ilə yadda qalmır, üzərlərinə götürdükləri məsuliyyətlə tarixdə yer alırlar. Azərbaycanın ən böyük üstünlüyü taleyinin məhz belə bir liderlə kəsişməsi idi. Beləliklə, xalq küçələrə axışaraq təkidlə və israrla Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tələb etdi. Həyatını, fəaliyyətini Azərbaycanın taleyi ilə bağlayan, ən mürəkkəb və taleyüklü məqamlarda milli maraqları hər şeydən üstün tutan Heydər Əliyev xalqın çağırışına cavab verərək ölkənin xilası və dövlətçiliyin qorunması missiyasını öz üzərinə götürdü.
Xalqın və müstəqil Azərbaycanın xilas günü
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən qeyri-müəyyənlik tədricən aradan qalxdı. Cəmiyyətdə parçalanmaya səbəb olan meyillər zəiflədildi, dövlət idarəçiliyində vahid iradə formalaşdı. Bu dövrdən etibarən Azərbaycan yalnız mövcud problemlərin həlli ilə kifayətlənməyərək gələcəyini müəyyənləşdirən strateji hədəflər üzərində çalışmağa başladı. Xarici siyasətdə tarazlı və düşünülmüş yanaşma ölkənin beynəlxalq mövqelərini gücləndirdi, iqtisadi sahədə atılan addımlar isə dövlətin öz resurslarına söykənən inkişaf modelinin əsaslarını yaratdı. Qısa zamanda xalq bir daha əmin oldu ki, 15 iyun Azərbaycanın gələcək taleyini müəyyən edən yeni mərhələnin başlanğıc günüdür.
Heydər Əliyev öz fəaliyyəti ilə bütün dünyaya sübut etdi ki, əsl liderlik xalqa sədaqətdən, dövlətə məsuliyyətdən və milli maraqlara bağlılıqdan qaynaqlanır. Təsadüfi deyil ki, dünyanın da etiraf etdiyi kimi, ən mürəkkəb və taleyüklü bir dövrdə məhz Heydər Əliyev Azərbaycanı üzləşdiyi ağır təhlükələrdən xilas etdi. Ulu Öndər uzaqgörən strategiyası, qətiyyətli siyasi iradəsi və xalqın etimadına söykənən fəaliyyəti ilə ölkədə sabitliyin bərqərar olunmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və Azərbaycanın inkişaf yoluna çıxmasına nail oldu. Halbuki, həmin illərdə Azərbaycanın müstəqilliyinin süqutunu, dövlətçiliyimizin zəifləməsini və ölkənin dərin böhran girdabında qalmasını istəyən qüvvələr az deyildi. Lakin xalqın iradəsinə arxalanan Heydər Əliyev bu təhlükələrin qarşısını alaraq Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən uzaqlaşdırdı, dövlətçiliyimizə qarşı yönələn niyyətləri puça çıxardı və ölkənin gələcəyinə qaranlıq baxanları məyus etdi.
Bu, Heydər Əliyevin xalqına və dövlətinə sonsuz bağlılığının təzahürü idi. Çünki o, heç vaxt Azərbaycanın taleyinə, xalqın qarşılaşdığı çətinliklərə və müstəqilliyimizin təhlükə altında qalmasına laqeyd yanaşa bilməzdi.
Onun yüksək liderlik məharəti, zəngin dövlətçilik təcrübəsi və Vətənə, xalqa sarsılmaz sədaqəti nəticəsində bugünkü qüdrətli Azərbaycanın möhkəm təməli formalaşdırıldı. Qanunların işlək mexanizmə çevrilməsi, onun aliliyinin təmin edilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması Heydər Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərindəndir. Bununla yanaşı, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, iqtisadi tənəzzülün aradan qaldırılması və bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirilən islahatlar ölkənin inkişaf yolunu müəyyənləşdirdi. Bütün təzyiqlərə, çətinliklərə və təhlükələrə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın gələcək tərəqqisinin, iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun möhkəm təməlini yaratdı. İqtisadiyyatın dirçəldilməsi və xarici neft şirkətlərinin Azərbaycana cəlb olunması üçün, ilk növbədə, sabitliyin təmin edilməsi zəruri idi. Bu məqsədlə Heydər Əliyev atəşkəsin əldə olunmasına nail oldu və ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi. Paralel olaraq ordu quruculuğu sahəsində mühüm islahatlar aparıldı, vahid komandanlıq sistemi formalaşdırıldı, nizami silahlı qüvvələrin yaradılması istiqamətində ciddi addımlar atıldı. Qısa müddət ərzində Azərbaycan Ordusunun regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilməsinin təməli məhz həmin dövrdə qoyuldu. Ulu Öndərin böyüklüyü ilə Azərbaycan böyüdü, ucaldı, onun qüdrəti ilə dövlətimiz qüdrətləndi. Heydər Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilərək beynəlxalq arenada söz sahibi oldu, siyasi və iqtisadi uğurları ilə dünya miqyasında öz mövqeyini möhkəmləndirdi.
Azərbaycan tarixində xilaskar lider
Ölkəmizin ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatiya masasına inamla əyləşən Ümummilli Lider ölkəmizin milli maraqlarına əsaslanan mövqe ilə çıxış etdi, strateji hədəflərini qətiyyətlə irəli sürdü. Paralel olaraq güclü ordu və vətənpərvərlik ideologiyasının formalaşdırılması istiqamətində ardıcıl addımlar ataraq zərurət yarandığı təqdirdə hərbi yolla da torpaqlarımızın azad olunması üçün möhkəm təməl yaradırdı. Zaman keçdikcə Ulu Öndərin uzaqgörən siyasətinin nəticələri daha aydın görünməyə başladı. Azərbaycanın iqtisadi qüdrətinin artması, ordunun güclənməsi və milli birliyin möhkəmlənməsi gələcək qələbənin əsasını təşkil edən mühüm amillərə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, Qarabağın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət quruculuğunun, ordu strategiyasının və milli inkişaf konsepsiyasının təntənəsi oldu.
Alim sonda vurğulayıb ki, nəsillər dəyişir, zaman irəliləyir, lakin Heydər Əliyevin dövlətçilik ideyaları öz aktuallığını qoruyub saxlayır. Bu gün müstəqil, güclü və qalib Azərbaycan onun müəyyənləşdirdiyi strateji xətt üzərində inamla inkişaf edir. Ulu Öndərin xalqına bəxş etdiyi sabitlik, birlik və dövlətçilik ənənələri ölkəmizin tərəqqisinin əsas dayağı olaraq qalır. Məhz buna görə də Heydər Əliyevin adı Azərbaycan tarixində xilaskar lider, müstəqilliyimizin qoruyucusu və müasir dövlətimizin memarı kimi daim yaşayacaq. Məhz buna görə də Heydər Əliyevin adı Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Xalqımızın əldə etdiyi nailiyyətlər, dövlətimizin möhkəmlənməsi və gələcəyə yönələn inkişafı onun müəyyən etdiyi strateji yolun uğurunu təsdiqləyən ən mühüm göstəricilərdir.
Onun adı əbədiyaşar liderimiz, siyasəti isə yol xəritəmizdir. Azərbaycan bu siyasi kursun işığında yeni dövrün imkanlarını gerçəyə çevirir. Həyat amalımıza çevrilən bu konsepsiya milli inkişafımızın, qurtuluşumuzun və doğru yolumuzun təməlidir. Necə ki, 15 İyun Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu, bu gün də həmin şərəfli yol Azərbaycanın uğurlarına istiqamət verir. Liderlər və dahilər belə yaşayır, onların ömrü bitir və əbədiyyətə qovuşurlar. Amma yaratdıqları yol nəsillərin taleyinə çevrilir.
