Xəbərlər
“15 iyun – Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü” və “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı” münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatı və Ucar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun – Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı videoçarx nümayiş olunub.
Tədbirdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İlqar Mustafayev və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ərazi Partiya Təşkilatının sədri Şəhla İbrahimova çıxış edərək diqqətə çatdırıblar ki, müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik dövrü kimi xarakterizə edilir. Bu dövrdə Azərbaycan müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Ölkədə xaos, anarxiya hökm sürür, digər tərəfdən isə torpaqlarımız işğal edilirdi. Belə bir çətin dövrdə Ümummilli Lider Heydər Əliyev xaqının səsinə səs verdi. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin inkişafını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Onun təşəbbüsü ilə səhiyyə müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və yeni avadanlıqlarla təchiz olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Həmçinin əhalinin tibbi maarifləndirilməsi sahəsində ardıcıl proqramlar tətbiq olundu. Bu siyasət səhiyyə xidmətlərinin əhatə dairəsinin genişlənməsinə və tibbi infrastrukturun yenilənməsinə şərait yaratdı.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən strateji ardıcıllıqla davam etdirilir. Məhz bunun nəticəsində tərəqqi yolunda inamla addımlayan Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail oldu. 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam təmin olundu, ölkənin bütün ərazilərində konstitusion hüquq bərqərar edildi.
Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Daha sonra “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı” münasibətilə tibb işçilərinin bir qrupu Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
