Xəbərlər
Tovuzda “Qurtuluşdan inkişafa” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının və Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan inkişafa” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Zülfiyyə Məmmədli və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova çıxış edərək bildiriblər ki, 1993-cü ilin iyununda ölkədə yaranmış dərin siyasi böhran Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edərək sabitliyin, qanunçuluğun və dövlət quruculuğunun əsasını qoyub.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası məhz həmin mürəkkəb dövrdə dövlətçilik dəyərlərinin və milli maraqların qorunması məqsədilə yaranmış tarixi zərurət idi. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan davamlı inkişaf yolunda mühüm nailiyyətlər əldə edir.
Sonra IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində ikinci yerə layiq görülən İbrahim Teyyubzadə, eləcə də Respublika Fənn Olimpiadasında yüksək nəticələr əldə edən şagirdlər Akif Həşimov (coğrafiya fənni üzrə qızıl medal), Əsmər Qasımova (Azərbaycan dili fənni üzrə gümüş medal), İmaməli Əliyev (tarix fənni üzrə gümüş medal) və Zəhra Rüstəmova (biologiya fənni üzrə bürünc medal) təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
