Xəbərlər
“Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi”
Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olunub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Qusar Peşə Liseyinin direktoru Xatirə Nağıbəyova və Vətən müharibəsi veteranı İlkin Abuyev çıxış edərək bildiriblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan tarixi dönüş nöqtəsidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunmasına, dövlət quruculuğu prosesinin sürətlənməsinə və müstəqilliyin möhkəmlənməsinə şərait yaradıb. Həmçinin vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əldə etdiyi uğurlarla regionun aparıcı dövlətinə çevrilib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs mükafatlandırılıb, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
