Xəbərlər
“Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana”
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi böhrandan xilas edib, sabitlik yaradıb və davamlı inkişafın təməlini formalaşdırıb. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycanın hərtərəfli inkişafı təmin olunur, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək qeyd edib ki, 15 İyun xalqımızın müstəqillik iradəsinin təntənəsi və dövlətçiliyimizin xilası günüdür. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə anarxiya və parçalanma təhlükəsini aradan qaldıraraq sabitliyin və inkişafın əsasını qoyub.
Daha sonra çıxış edən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Avdi Həsənov, Yelo Bank ASC Salyan filialının müdiri Anar Hacıyev və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılmasında və möhkəmləndirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıblar.
