Xəbərlər
“Müstəqil Azərbaycan yeni zirvələr fəth edir”
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Şahin Rəhimov, Hacıbədəlli bələdiyyəsinin sədri Məlahət Hüseynova, partiya veteranı Xəqani Əliyev, ADPU-nun Ağcabədi filialının tələbə gənclər təşkilatının sədri Fəxriyyə Cəfərli və ərazi partiya təşkilatının sədri Fizuli Yusibov Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi sosial-iqtisadi və siyasi böhrandan xilas edib, dövlətimizin möhkəmlənməsini və modern cəmiyyətin qurulmasını təmin edib. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl nailiyyətlər qazanır və yeni zirvələr fəth edir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına və fəallara fəxri fərman və hədiyyələr təqdim edilib, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
