Xəbərlər
“Heydər Əliyev Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarıb”
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, 1993-cü ildə ölkədə hökm sürən dərin siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyin itirilməsi təhlükəsi şəraitində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarıb.
Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb və güclü dövlət kimi mövqeyini möhkəmləndirib.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan tarixi Zəfərə imza atıb, dövlət suverenliyini tam bərpa edib və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin yaşadılmasının xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun atası Allahverdiyev Əli Barat oğlu təltif olunub.
Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Müasir şəhərsalma vizyonu: Ənənə və innovasiyanın harmoniyası” adlı rəqəmsal ideya müsabiqəsinin final mərhələsində III yerə layiq görülmüş Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı Faiq İbrahimov təltif edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
