Xəbərlər
“Milli Qurtuluşdan Zəfərə aparan yol”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda tədbir keçirib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri üzrə sektor müdiri Faiq Məmmədov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər Rayon Dövlət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon Statistika İdarəsinin müdiri Ramin Salmanov, Kəlbəcər rayon təhsil sektorunun məsul əməkdaşı Məftun Kamalov, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Aygün Əmirahova və Rəşanə Məmmədova çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub. Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib, iqtisadi inkişafın təməli yaradılıb, milli ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb və dövlət quruculuğu prosesi uğurla həyata keçirilib.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər qazanıb, 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza ataraq ərazi bütövlüyünü təmin edib, 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyini tam bərpa edib.
Natiqlər həmçinin qeyd ediblər ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir yaşayış məntəqələri salınır, infrastruktur layihələri uğurla icra olunur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışı təmin edilir.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
