Xəbərlər
“Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsidir”
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mədəniyyət və İstirahət Parkında ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova və Qaraçay qəsəbə ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni dərin ictimai-siyasi böhrandan, parçalanma və müstəqilliyin itirilməsi təhlükəsindən xilas edib. Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olunub, dövlət quruculuğu prosesinə başlanılıb və Azərbaycanın davamlı inkişafının möhkəm təməli qoyulub.
Vurğulanıb ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq aləmdə mövqelərini daha da gücləndirir, mühüm uğurlara imza atır və hərtərəfli inkişaf yolunda inamla irəliləyir.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir bədii proqramla davam edib.
