Xəbərlər
“Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür”
Daxili Qoşunların Lənkəran rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” adlı tədbir keçirilib.
Əvvəlcə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və hərbi hissənin komandiri polkovnik Telman Həsənov tərəfindən hərbi hissə ərazisində yerləşən Şəhidlər abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Elmin Məmmədov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Gizir Tural Əliyev və əsgər Cavid Novruzov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasından, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, 15 İyun 1993-cü il Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. O qeyd edib ki, həmin dövrdə ölkədə hökm sürən siyasi böhran və xaos Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində aradan qaldırılıb, dövlət quruculuğu və sabit inkişafın əsası qoyulub.
İqbal Əmənullayev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir, Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq nüfuzu artıb və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub.
Tədbirin sonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bir qrup zabit və əsgərə hədiyyələr və təşəkkürnamələr təqdim olunub.
