Xəbərlər
Milli qurtuluşdan güclü dövlətə: 15 iyunun tarixi-siyasi mahiyyəti
Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrün deyil, bütöv bir xalqın taleyinin müəyyənləşməsində özünü göstərir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu əlamətdar gün yalnız tarixi və siyasi hadisəni ifadə etmir, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, vətəndaş qarşıdurmasının qarşısının alınması, milli birliyin təmin olunması və müstəqil dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə idi. Ermənistanın hərbi təcavüzü, torpaq itkiləri, daxili siyasi qarşıdurmalar, hakimiyyət böhranı və separatizm meyilləri dövlət müstəqilliyini ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən həlledici amilə çevrildi.
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, yeni dövlətin qarşısında son dərəcə mürəkkəb vəzifələr dayanırdı. Dövlət institutları tam formalaşmamış, iqtisadi sistem iflic vəziyyətinə düşmüş, siyasi qüvvələr arasında dərin parçalanma yaranmışdı. Bu dövrdə Ermənistan ilə Azərbaycan arasında problemlərin daha da genişlənməsi nəticəsində ölkənin bir sıra əraziləri işğal olundu. Ordunun vahid komandanlıq sisteminin olmaması, siyasi idarəetmədəki qeyri-sabitlik və müxtəlif silahlı qrupların mövcudluğu dövlətin təhlükəsizlik imkanlarını zəiflədir, ölkəni vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü ilin iyununda baş verən hadisələr isə vəziyyəti daha da gərginləşdirdi. Gəncə hadisələri fonunda ölkədə faktiki olaraq hakimiyyət böhranı yarandı. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşdü, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi real xarakter aldı. Həmin dövrdə Azərbaycanın gələcək taleyi ilə bağlı ciddi narahatlıqlar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə açıq şəkildə müşahidə olunurdu. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı çıxış yolunu böyük siyasi təcrübəyə və dövlətçilik ənənələrinə malik Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında gördü. 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qəbul edilir. Çünki həmin gün ölkədə siyasi sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin təmin olunmasına yönəlmiş yeni mərhələnin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilk növbədə siyasi böhranın aradan qaldırılmasına xidmət etdi. Qısa müddət ərzində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyində vahidlik təmin edildi, separatizm meyilləri neytrallaşdırıldı və Azərbaycan dövlətçiliyinin mövcudluğu üçün həyati əhəmiyyət daşıyan sabitlik mühiti formalaşdırıldı.
Tarixi proseslər göstərir ki, dövlətlərin inkişafında lider amili xüsusi rol oynayır. Azərbaycanın 1993-cü ildə üzləşdiyi təhlükələr fonunda Heydər Əliyevin siyasi iradəsi, strateji baxışı və idarəçilik təcrübəsi ölkənin gələcək taleyini müəyyənləşdirən əsas faktorlardan biri olmuşdur. Heç təsadüfi deyildir ki, həmin dövrdə Azərbaycanda mərkəzsizləşmə və vətəndaş qarşıdurması Kremlin maraqlarına tamamilə uyğun idi. Bu, Rusiyaya həm hərbi, həm də siyasi rıçaqlar qazandırırdı. Bu bir həqiqətdir ki, 1990-cı illərin əvvəllərində Moskva “yaxın xaric” siyasəti çərçivəsində keçmiş sovet respublikalarında öz nüfuzunu qoruyub saxlamağa çalışırdı. Azərbaycan isə bu kontekstdə strateji əhəmiyyətə malik ölkə idi: enerji ehtiyatları, Xəzər dənizinə çıxışı və Qafqazda yerləşməsi ölkəni Rusiyanın diqqət mərkəzinə çevirirdi. Rusiya, bölgədəki sabitsizlikdən istifadə edərək Azərbaycana təsir etmək istəyirdi. Xüsusilə Qarabağ münaqişəsində vasitəçilik rolu rəsmi Moskva üçün təsir vasitəsi idi. Məhz belə bir dövrdə yaranan vətəndaş qarşıdurması Kremlin maraqları daxilində idi. Lakin Heydər Əliyevin qətiyyətli siyasəti onun planlarının reallaşmasına imkan vermədi. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü təkcə Azərbaycan tarixində mühüm bir dönüş nöqtəsi deyil, həm də siyasi liderliyin, milli ideologiyanın və geosiyasi balansın sintez olunduğu strateji bir hadisədir. Bu tarixdən sonra Azərbaycanın dövlətçiliyi real məzmuna qovuşmuş, regional aktor olaraq formalaşması üçün zəmin yaranmışdır. Həmin dövrdə Rusiyanın gizli planlarının neytrallaşdırılması, məhz düzgün seçilmiş liderliyin və rasional siyasətin nəticəsidir.
Obrazlı şəkildə ifadə etsək, 15 İyun sadəcə bir tarix deyil – Azərbaycanın siyasi sabitliyinin, dövlətçiliyinin və milli həmrəyliyinin bərpa olunduğu simvolik bir gündür. Elmi analiz baxımından 15 İyun hadisələri postsovet məkanında dövlətin böhrandan çıxışında fərdin – liderin rolu kontekstində araşdırılmağa dəyər bir nümunədir. Bu hadisə liderliyin yalnız siyasi güc deyil, həm də tarixi məsuliyyət və strateji uzaqgörənlik tələb etdiyini göstərir.
15 İyun tarixi eyni zamanda müasir Azərbaycan dövlətinin institusional əsaslarının formalaşdırılmasının da başlanğıcı hesab olunur. 1993-cü ildən sonra həyata keçirilən siyasi islahatlar nəticəsində dövlət idarəetmə sistemi təkmilləşdirildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik institutların inkişafı üçün hüquqi baza yaradıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması dövlət quruculuğu prosesinin ən mühüm nailiyyətlərindən biri oldu. Konstitusiya hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan hüquq və azadlıqlarının təminatını gücləndirdi və müasir dövlət idarəetməsinin hüquqi əsaslarını formalaşdırdı. Eyni zamanda ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Xarici investisiyaların cəlb edilməsi, bazar iqtisadiyyatına keçid və sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradıldı. Azərbaycanın iqtisadi dirçəlişinin əsasını təşkil edən neft strategiyası da məhz bu dövrdə formalaşdırıldı.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş yaradan strateji qərarlardan biri oldu. Bu müqavilə təkcə iqtisadi layihə deyil, həm də ölkənin beynəlxalq mövqeyini gücləndirən mühüm geosiyasi hadisə idi. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarından birinə çevrildi. Sonrakı illərdə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər enerji layihələri ölkənin regional liderlik mövqeyini möhkəmləndirdi. Bütün bu nailiyyətlərin təməlində isə 1993-cü ildə əldə olunmuş siyasi sabitlik dayanırdı. Tarixi təcrübə göstərir ki, sabitlik olmadan iqtisadi inkişaf, iqtisadi inkişaf olmadan isə güclü dövlət qurmaq mümkün deyil.
Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin siyasi irsində Azərbaycançılıq ideologiyası və “Bir millət, iki dövlət” konsepsiyası da xüsusi yer tutur. Məhz onun uzaqgörən dövlətçilik strategiyası nəticəsində bu ideyalar nəzəri konsepsiyadan praktik siyasi fəaliyyət modelinə çevrilərək müstəqil Azərbaycanın milli inkişaf kursunun əsas istiqamətlərindən biri olmuşdur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini və davamlılığının təmin edilməsini öz fəaliyyətinin prioritet məqsədi kimi müəyyənləşdirmiş, bu istiqamətdə bütün siyasi nüfuzunu, idarəçilik təcrübəsini və intellektual potensialını səfərbər etmişdir.
Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan tarixən müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olmuşdur. Ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələri müxtəlif xalqların ümumi dövlətçilik maraqları ətrafında birləşməsinə əlverişli zəmin yaratmışdır. Bu mənada Azərbaycançılıq ideologiyası etnik, dini və mədəni müxtəlifliyi vahid milli kimlik çərçivəsində birləşdirən mühüm siyasi və mənəvi platforma kimi çıxış etmişdir. Ulu Öndərin ən mühüm xidmətlərindən biri də məhz bu ideyanı dövlət siyasətinin əsas ideoloji sütunlarından birinə çevirməsi olmuşdur.
Heç təsadüfi deyildir ki, Azərbaycançılıq məfkurəsinin praktik əhəmiyyəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dövründə özünü qabarıq şəkildə göstərdi. Azərbaycan cəmiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksək milli həmrəylik nümayiş etdirərək vahid məqsəd ətrafında səfərbər oldu. Bu birlik və həmrəylik nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan torpaqlar azad olundu.
Heydər Əliyevin siyasi baxışlarında türk dünyasının inteqrasiyası və həmrəyliyi də mühüm istiqamətlərdən biri olmuşdur. Onun müəllifi olduğu “Bir millət, iki dövlət” konsepsiyası Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini ifadə etməklə yanaşı, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən geosiyasi yanaşma kimi qiymətləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan yeni çağırışlar və qlobal güc balansında baş verən dəyişikliklər fonunda türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Günümüzdə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın regional və beynəlxalq müstəvidə artan nüfuzu, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması, eləcə də türk dünyasının inteqrasiyasına yönəlmiş təşəbbüslərin genişlənməsi bu siyasi kursun uğurlu nəticələrinin bariz göstəricisidir.
O dövrün böhranlı, keşməkeşli vəziyyətini və siyasi hadisələrini hal-hazırda yaşadığımız proseslər fonunda müqayisə etsək, mütləq şəkildə təsəvvrümüzdə bu fikir formalaşmış olur: “Gör, Azərbaycan xalqının müqəddəratını həll edən Qurtuluş Günündən – 15 iyundan başlanan çağdaş tariximiz xalqımızı və dövlətimizi haradan haraya gətirdi?”
Bu baxımdan, Milli Qurtuluş Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də dövlətçilik fəlsəfəsini ifadə edən siyasi və ideoloji məfhumdur. Bu tarixi əlamətdar gün Azərbaycan cəmiyyətinə dövlət müstəqilliyinin nə qədər böyük dəyər olduğunu, milli birliyin və siyasi sabitliyin əhəmiyyətini xatırladır.
Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar – ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artması, regional liderliyinin möhkəmlənməsi və iqtisadi inkişaf göstəriciləri – 1993-cü ildə əsası qoyulan dövlətçilik strategiyasının məntiqi nəticələri kimi qiymətləndirilə bilər. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə ölkənin bütün ərazisində konstitusiya quruluşunun tam təmin olunması Azərbaycan dövlətinin gücünü və davamlı inkişaf modelini nümayiş etdirdi. Bu nailiyyətlər həm də dövlətçilik ənənələrinin qorunması, siyasi varislik və milli maraqlara əsaslanan strateji kursun davam etdirilməsi ilə sıx bağlıdır.
Nəticə etibarilə, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş yaradan, dövlət müstəqilliyini təhlükədən xilas edən və ölkənin gələcək inkişafının əsaslarını formalaşdıran mühüm tarixi hadisədir. Bu günün mahiyyəti yalnız keçmişə hörmətlə yanaşmaqdan ibarət deyil; o, həm də gələcək nəsillərə dövlətçiliyin, milli həmrəyliyin və güclü liderliyin əhəmiyyətini çatdıran mühüm siyasi dərsdir.
Milli Qurtuluş Günü sübut etdi ki, mürəkkəb tarixi sınaqlar qarşısında xalqın birliyi, siyasi uzaqgörənlik və güclü dövlətçilik ənənələri ölkənin gələcəyini təmin edən əsas amillərdir. Məhz buna görə də 15 İyun müasir Azərbaycan tarixində sadəcə bir təqvim günü deyil, dövlətçilik düşüncəsinin, milli iradənin və müstəqil inkişaf strategiyasının rəmzi kimi xüsusi yer tutur.
Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırsa, bunun ideoloji və siyasi təməli 1993-cü ilin 15 iyununda qoyulmuş Milli Qurtuluş konsepsiyasına söykənir. Buna görə də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin dünənini anlamaq, bu gününü qiymətləndirmək və gələcəyini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyan tarixi hadisə olaraq qalmaqdadır.
