Xəbərlər
“Qurtuluşdan Zəfərə”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının inzibati binasında “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, 1993-cü ildə Azərbaycan öz tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birini yaşayırdı. Ölkədə siyasi qarşıdurma, xaos və parçalanma təhlükəsi hökm sürür, müharibədəki uğursuzluqlar və qanunsuz silahlı birləşmələrin fəaliyyəti dövlət müstəqilliyinin itirilməsi riskini daha da artırırdı. O bildirib ki, məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı bu təhlükələrdən xilas etdi, ölkədə sabitliyin bərqərar olmasına və inkişafın əsaslarının yaradılmasına şərait yaratdı.
Sahib Şükürov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq nüfuzu artmış, güclü və qalib dövlətə çevrilmiş Azərbaycan Milli Qurtuluş ideyalarının təntənəsini yaşayır.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və digərləri bildiriblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə malik olan əlamətdar gündür. Qeyd olunub ki, bu şanlı tarixin memarı, Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmləndirilməsində və gələcəyinin qurulmasında müstəsna xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
