Xəbərlər
“Qurtuluşun işığı: Ümummilli Lider Heydər Əliyev”
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun işığı: Ümummilli Lider Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası, ictimai-siyasi sabitliyin bərpası və müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Qeyd olunub ki, həmin dövrdən etibarən ölkədə dövlət və ordu quruculuğu prosesi sürətlənmiş, sosial-iqtisadi inkişafın təməli qoyulmuş və Azərbaycanın gələcək tərəqqi yolunun əsasları formalaşdırılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsində inamla irəliləyərək regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirir.
Tədbir bədii hissə ilə davam edib.
