YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığını dünyaya çatdıran mesaj

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri     

Beş il öncə, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannaməni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı əlaqələrin zirvəsi kimi dəyərləndirildi. Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır, inteqrasiya proseslərini, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır.

Gələcək münasibətlərin məzmununa gəldikdə, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir. Qeyd etdiyimiz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.

Şuşa Byannaməsində qeyd edilir ki, tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.

Bu sənəd türk dövlətlərinin bir-birinə yaxınlaşması üçün də vacib addımların atılmasını şərtləndirir. Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Sənəd regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və sair amillərin vacibliyini  sübut etməklə yanaşı,  qlobal əhəmiyyətini də  nümayiş etdirir.  Şuşa Bəyannaməsi dövlətlərin əməkdaşlğı üçün örnəkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

DİGƏR Xəbərlər Arxiv