YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı ən uca zirvəyə yüksəlib

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əlaqələrin gələcək inkişafının yol xəritəsi oldu.  Qars müqaviləsindən düz yüz il sonra, məhz 15 İyun- milli Qurtuluş Günündə imzalanan bu Bəyannamə, Azərbaycan-Türkiyə qardaşlığının rəsmi olaraq ən uca zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəltdi.

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Əməkdaşlığın yeni perspektivlərinə gəldikdə isə sənəd əhatəli sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olur.  Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamə, həmçinin ölkəmizin beynəlxalq nüfuzunu artırır.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.  

Şuşa Bəyannaməsi hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Şuşa Bəyannaməsi iki qardaş ölkənin daha yüksək və sarsılmaz birliyinin təsdiqidir. Azərbaycan və Türkiyə bundan sonra da qlobal arenada birgə, inamlı addımlarla irəliləyəcəklər. Bu birlik regionda dayanıqlı sülhün, təhlükəsizliyin qarantıdır.