YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Tarix boyu eyni kökdən, eyni mədəniyyətdən və ortaq mənəvi dəyərlərdən güc alan Azərbaycan və Türkiyə münasibətləri dünya siyasətində bənzərinə az rast gəlinən qardaşlıq nümunəsidir. Bu münasibətlər yalnız dostluq və əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda ortaq tarixə, milli maraqlara və gələcək hədəflərə söykənən strateji müttəfiqlik xarakteri daşıyır. Məhz bu müttəfiqliyin ən ali siyasi ifadəsi 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi oldu.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionun siyasi mənzərəsini dəyişdirən mühüm tarixi sənəd kimi qiymətləndirilir. Bu sənəd təkcə iki dövlət arasında əməkdaşlığın hüquqi bazasını genişləndirmədi, həm də qardaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi.

Şuşanın seçilməsi təsadüfi deyildi. Qarabağın tacı sayılan bu qədim Azərbaycan şəhəri uzun illər işğal altında qaldıqdan sonra azad edilmiş və milli qürurun simvoluna çevrilmişdi. Məhz belə bir məkanda imzalanan Bəyannamə Azərbaycanın tarixi Zəfərinin siyasi nəticələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu sənəd həm də Qarabağın bərpası və regionun gələcək inkişafı istiqamətində iki qardaş dövlətin ortaq iradəsini nümayiş etdirdi.

Şuşa Bəyannaməsində siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Sənədin əsas mahiyyəti ondan ibarətdir ki, tərəflərdən birinin təhlükəsizliyinə və ya müstəqilliyinə yönələn təhdid digər tərəfin də maraqlarına toxunan məsələ kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycan və Türkiyənin regionda sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri olduğunu göstərir.

Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Azərbaycan Ordusunun müasir standartlar əsasında inkişafında Türkiyənin təcrübəsi mühüm rol oynayır. Hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə regionun təhlükəsizliyinə xidmət edir.

Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlıq baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin təmin olunmasında beynəlxalq miqyasda mühüm rol oynayırlar. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi kimi nəhəng təşəbbüslər iki ölkənin əməkdaşlığının uğurlu nəticələridir. Bəyannamə bu istiqamətdə yeni imkanların açılmasına və qarşılıqlı investisiyaların genişlənməsinə şərait yaradır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da sənədin əsas prioritetlərindəndir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasını birləşdirən yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq. Bu layihə Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artıracaq və regionun strateji mövqeyini gücləndirəcək.

Şuşa Bəyannaməsinin mühüm tərəflərindən biri də humanitar və mədəni əməkdaşlıq məsələləridir. Ortaq tarix, dil və mədəniyyətə malik olan Azərbaycan və Türkiyə xalqları arasında mənəvi bağlar dövlətlərarası münasibətlərin əsas dayaqlarından biridir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində həyata keçirilən layihələr gələcək nəsillərin də bu qardaşlıq ruhunda yetişməsinə xidmət edir.

Bu gün Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, həm də Türk dünyasının birlik və həmrəyliyinin rəmzidir. Bu sənəd göstərir ki, Azərbaycan və Türkiyə ortaq maraqlar naminə birgə fəaliyyət göstərmək əzmindədirlər və gələcəyə eyni strateji baxışla yanaşırlar.

Prezident İlham Əliyevin “Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı əbədidir” fikri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın gücü bizim gücümüzdür” ifadəsi Şuşa Bəyannaməsinin ruhunu ən dolğun şəkildə əks etdirir. Bu sənəd iki qardaş ölkə arasında münasibətləri yeni zirvəyə yüksəldərək gələcək nəsillər üçün etibarlı əməkdaşlıq modeli yaratmışdır.

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq tarixinin, ortaq gələcəyinin və sarsılmaz qardaşlığının siyasi manifestidir. Bu tarixi sənəd regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət etməklə yanaşı, Azərbaycan-Türkiyə birliyinin bundan sonra da möhkəm təməllər üzərində inkişaf edəcəyini bütün dünyaya nümayiş etdirir.