Xəbərlər
“Qurtuluşdan Zəfərə”
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev və digərləri bildiriblər ki, bəzi tarixi günlər xalqın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü il də məhz belə əlamətdar günlərdən biridir. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev xalqımızı ağır sınaqlardan çıxararaq ölkədə siyasi sabitliyin və davamlı inkişafın əsasını qoyub.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və fədakarlığı onu dünya azərbaycanlılarının liderinə çevirib, zəngin və mənalı ömür yolu isə Vətənə xidmət nümunəsi kimi tarixə həkk olunub. Bu gün milli qurtuluş ideyalarının təntənəsi müstəqil Azərbaycanın davamlı inkişafında, beynəlxalq nüfuzunun artmasında və əldə olunan uğurlarda öz əksini tapır.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
