Xəbərlər
Müstəqilliyimizin başlanğıc günü
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
15 İyun - Milli Qurtuluş Günü müasir Azərbaycanın dövlətçilik tarixinin, eləcə də ərazi bütövlüyü və suverenliyin bərpasına aparan yolun təməl daşıdır. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarının əsası oldu.
Hər bir bayram keçilən yolun hesabatı olmaqla yanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malik olduğunu geniş təhlil etməyi bir tələb kimi qarşıya qoyur. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda bir-birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığı müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi qiymətləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində çox nadir hallarda rast gəlinən unikal hadisədir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Şndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Onun dövlətinə, xalqına bağlılığı ilə yanaşı, Azərbaycanı daim zirvələrdə görmək istəyi atdığı hər bir addımda özünü aydın şəkildə nümayiş etdirirdi. Əsas amal, məqsəd Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etmək idi ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu arzu, istək reallığa çevrildi.
Azərbaycanın inkişaf yolu 9 iyun 1993-cü ildən başlandı. Belə ki, bu tarixdə Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı zəfərdən-zəfərə aparır. Hər zaman böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Onun layiqli davamçısı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi tanınır, adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi yolu bundan sonra da xalqımızı daha möhtəşəm uğurlarla sevindirəcək.
