Xəbərlər
Milli qurtuluşdan şanlı Qələbəyə: müasir tariximizin uğur formulu
Asif Əsgərov
Milli Məclisin deputatı
15 İyun – Milli Qurtuluş Günü xalqımızın müasir tarixində müstəsna yer tutur. Həmin gün dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması, milli həmrəyliyin möhkəmləndirilməsi və müasir dövlət quruculuğu prosesinin başlanğıcı kimi tariximizə həkk olunmuşdur.
Ümummilli Liderin Sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövr xalqımızın sosial-iqtisadi, elmi və mədəni yüksəliş mərhələsi kimi xarakterizə olunur. 1969-cu ildən etibarən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatında böyük nailiyyətlər əldə edilmiş, milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılması gələcək dövlət quruculuğu üçün peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər isə milli özünüdərkin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
1990-cı illərin əvvəllərində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan amillər nəticəsində baş verən siyasi qarşıdurmalar, torpaqlarımızın işğalı, qanunsuz silahlı birləşmələrin fəaliyyəti və sosial problemlər ölkəni dərin böhran vəziyyətinə salmışdı. 1993-cü ilin ortalarında vəziyyət kritik həddə çatmış, dövlətçiliyimizin mövcudluğu real təhlükə altında idi. Belə bir mürəkkəb və taleyüklü şəraitdə xalqın nəzərləri yenidən Ulu Öndər Heydər Əliyevə yönəldi. Məhz Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli xarakteri, yüksək idarəçilik bacarığı və xalq arasında qazandığı böyük nüfuz ölkənin gələcəyi üçün əsas ümid mənbəyinə çevrilmişdi. 1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndərin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin həyatında yeni mərhələnin əsası qoyuldu. Həmin gün təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də dövlətçiliyin xilası, milli birliyin bərpası və sabit inkişaf yolunun başlanğıcı kimi tarixə düşdü. Sonradan 15 İyun tarixi ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunmağa başlandı.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması istiqamətində ardıcıl və qətiyyətli addımlar atıldı. Dövlətçiliyə qarşı yönəlmiş daxili və xarici təhdidlərin qarşısının alınması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin bərpası əsas prioritetlərdən biri oldu. Qısa müddət ərzində ölkədə anarxiya və özbaşınalığa son qoyuldu, qanunun aliliyi təmin edildi və dövlət idarəçiliyinin səmərəli mexanizmləri formalaşdırıldı. İdarəetmə sisteminin gücləndirilməsi və cəmiyyətdə sabitliyin təmin olunması nəticəsində ölkədə inkişaf üçün əlverişli şərait formalaşdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində müasir dövlət quruculuğu prosesinə başlanıldı, hüquqi və demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1995-ci il noyabrın 12-də referendum (ümumxalq səsverməsi) nəticəsində qəbul olunan Konstitusiya müstəqil dövlətçiliyin hüquqi əsaslarını möhkəmləndirdi, insan hüquq və azadlıqlarının təminatı, demokratik idarəetmə prinsipləri və qanunun aliliyi təsbit edildi. Eyni zamanda, həyata keçirilən iqtisadi islahatlar və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyaraq xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun sürətli inkişafına və sosial rifahın yüksəlməsinə şərait yaratdı. Bununla yanaşı, ordu quruculuğu və milli təhlükəsizlik sahəsində görülən işlər nəticəsində nizami Silahlı Qüvvələr formalaşdırıldı, müdafiə potensialı gücləndirildi və dövlətin təhlükəsizlik sistemi möhkəmləndirildi. Beləliklə, siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu, iqtisadi yüksəliş və güclü ordu yaradılması istiqamətində həyata keçirilən ardıcıl siyasət müasir dövlətimizin hərtərəfli inkişafının möhkəm təməlini formalaşdırdı.
Məhz uzun illər ərzində həyata keçirilən uğurlu dövlət quruculuğu, güclü iqtisadi potensialın yaradılması və müasir ordu quruculuğu siyasəti 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin əsasını təşkil etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı nəticəsində 44 gün ərzində işğal altında olan torpaqlarımız azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiya nöqtəsinə çevrilmiş və düşmən kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Bununla xalqımızın 30 ilə yaxın davam edən həsrətinə son qoyulmuşdur. 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edilmiş, qanunsuz silahlı birləşmələr tərksilah olunmuş və separatizmə son qoyulmuşdur.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası və azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması Milli Qurtuluşdan başlanan yolun tarixi Zəfərə və tam suverenliyə aparan uğurlu inkişaf xətti olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev qeyd etmişdir: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Milli Qurtuluşun yaratdığı möhkəm siyasi, iqtisadi və dövlətçilik təməlinin ən parlaq təzahürlərindən biridir. Uzun illər işğal altında qalmış ərazilərimizdə hazırda misli görünməmiş quruculuq prosesi həyata keçirilir. Vaxtilə viran qoyulmuş şəhər və kəndlər yenidən qurulur, ən müasir standartlara cavab verən yaşayış məntəqələri salınır, geniş avtomobil və dəmir yolu şəbəkələri yaradılır, enerji, rabitə və kommunal infrastruktur yenidən formalaşdırılır. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yeni elektrik stansiyalarının qurulması, su təsərrüfatı və digər mühüm infrastruktur layihələrinin icrası həmin ərazilərin qısa müddətdə regionun inkişaf mərkəzlərindən birinə çevriləcəyinin göstəricisidir. Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir, onlar üçün müasir yaşayış şəraiti yaradılır, məşğulluq və sosial təminat məsələləri diqqət mərkəzində saxlanılır. Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi təkcə iqtisadi layihə deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və dövlətimizin qüdrətinin nümayişidir. Milli Qurtuluşdan başlanan inkişaf yolu bu gün ölkəmizi yeni nailiyyətlərə aparır və gələcək nəsillər üçün daha güclü dövlət formalaşdırır.
Milli Qurtuluş Günü xalqın öz liderinə olan etimadının, milli birliyin, həmrəyliyin və sarsılmaz dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar tarix sübut etdi ki, xalq və lider birliyi mövcud olduqda ən ağır siyasi-iqtisadi və hərbi sınaqların öhdəsindən uğurla gəlmək mümkündür. Müstəqilliyin ilk illərində dövlətçiliyimizin üzləşdiyi təhlükələr, ölkədə hökm sürən xaos və qeyri-sabitlik məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və xalqın ona olan sonsuz inamı sayəsində aradan qaldırıldı. Məhz həmin dövrdə əsası qoyulan inkişaf strategiyası sonrakı illərdə dövlətimizin hərtərəfli yüksəlişini təmin etdi, ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan dövlət müstəqilliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənmiş, dövlətimizin qüdrəti və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Tarixi Zəfərin qazanılması, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirildiyini təsdiqləyir.
