YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Snam” şirkəti TAP-ın səhmdarı olub

İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin səhmdarı olub.

Bu barədə TAP-ın saytında məlumat verilir. Bildirilir ki, “Snam S.p.A.” şirkəti Norveçin “Statoil” şirkətinin TAP layihəsindəki 20 faizlik səhmini alıb.

TAP-ın icraçı direktoru Yan Bredşou isə qeyd edib: “Snam” şirkətinin bu layihədə yer alması Avropanın enerji bazarına yeni mənbədən qaz nəqlini həyata keçirəcək TAP-ın strateji mövqeyini daha da gücləndirəcək”.

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).