Xəbərlər
Sahib Məmmədov: “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi şəffaflığı, vətəndaş məmnunluğunu təmin etmək vacibdir
“Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyev tərəfindən 2015-ci il oktyabrın 19-da imzalanan Fərman və İqtisadiyyat və Sənaye Nazirliyinə verdiyi bir sıra tapşırıqlar əsasında hazırlanıb. Ölkədə sahibkarların xüsusi razılıq lisenziyaları almalarını sadələşdirmək, şəffaflığı, vətəndaş məmnunluğunu təmin etmək, qaydaları təkmilləşdirmək baxımından qanun layihəsi vacibdir. Bu fikirləri iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.
S.Məmmədov bildirib ki, bu qanun layihəsi Xüsusi razılıq lisenziyalarının verilməsi prosedurlarının sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi, dövlət təhlükəsizliyindən irəli gələn hallara verilən xüsusi razılıqların siyahısının müəyyənləşdirilməsi, sahibkarların bir mənbəyə müraciət etmələrini təmin etmək məqsədilə hazırlanıb, Milli Məclisə təqdim olunub. Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb.
«Burada predment əsasən Azərbaycanda lisenziya və icazələr sisteminin tənzimlənməsidir. Lisenziyalarla bağlı məsələlər öncələr də tənzimlənirdi. Bununla bağlı hüquqi baza mövcud idi. İcazələr sahəsinin isə normativ hüquqi bazası tam mükəmməl şəkildə formalaşmamışdı. Bu qanun layihəsində yeniliklərdən biri də icazələrin hüquqi əsasının qanun şəklində formalaşdırılmasıdır. Lisenziya ilə barəbər, icazələr anlayışı da qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları, lisenziya və icazə sistemlərinin dövlət tənzimlənməsinin prinsipləri, lisenziyalar və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, fəaliyyətinin dayandırlması, bərpası, ləğvi qaydaları, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin, lisenziya və icazə sahiblərinin məsuliyyətinin tənzimlənməsi də göstərilib»- deyə, nazir müavini vurğulayıb.