YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənd təsərrüfatının inkişafının yol xəritəsi təqdim edildi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bu sahənin  gələcək inkişafının yol xəritəsinin təqdimatı baxımından mühüm əhəmiyyət kəsb etdi. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun  əsas tərkib hissəsi kimi diqqətdədir. Cənab İlham Əliyev müşavirədə diqqəti Prezident kimi fəaliyyətə başladığı gündən ilk təşəbbüslərindən biri kimi Regional inkişaf proqramlarının qəbuluna və uğurlu icrasının  nəticələrinə yöəltdi. “2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır” deyən cənab İlham Əliyev bildirdi ki,  ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu Proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu Proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi: “Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.

Müşavirədə kənd təsərrüfatının inkişafını şərtləndirən amillərə diqqət yönəldildi. Bu baxımdan su ehtiyatlarının idarə olunması və suvarma məsələləri  geniş müzakirə edildi. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, su təchizatı kənd təsərrüfatının inkişafında mühümdür.  Burada bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlanıldı və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək. Şirvan kanalına gəldikdə isə bunun tikintisinə  beton kanal olaraq başlanılıb və  gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək.  “Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki,  vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək: “Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər”.

Prezident İlham Əliyev müşavirədə fermerlərə dəstəkdən də geniş bəhs etdi. Vurğuladı ki, subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafında əhəmiyyətli rola malikdir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər, o cümlədən gübrə, yanacaq güzəştləri verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.

Göründüyü kimi, atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycan hər zaman dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən yeni Dövlət Proqramı kənd təsərrüfatının qarşısında yeni imkanlar yaradacaq.