Xəbərlər
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik ümumi yığıncağı keçirilib
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) illik ümumi yığıncağı keçirilib.
Yığıncağın gündəliyinə assosiasiyanın 2015-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi və növbəti il üçün fəaliyyət planının müzakirəsi daxil idi.
ADA-nın baş katibi Mirvari Fətəliyeva 2015-ci ildə görülən işlər barədə məlumat verib.
Əsas məqsədi ölkəmizin qədim tarixini, zəngin mədəni dəyərlərini fransızlara yaxından tanıtmaqdan ibarət olan assosiasiyanın ötən yığıncaqdan sonra gördüyü işlər təhlil edilərək yüksək qiymətləndirilib.
Assosiasiyanın sədri Jan–Fransua Mansel Azərbaycan mədəniyyət günləri ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirildiyini və böyük maraq doğurduğunu diqqətə çatdırıb. O, belə tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyini töhfələrdən və mütəmadi keçirilməsinin vacibliyindən söz açıb.
ADA-nın sədri Azərbaycanın tolerantlığı ilə digər ölkələrdən fərqləndiyini bildirərək, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını vurğulayıb. O, 2016-cı il üçün nəzərdə tutulan fəaliyyət planından danışaraq, assosiasiyanın üzvlərinin daha da fəal olacağına əminliyini ifadə edib.
Sonda “Virtuoses de la Mer Caspienne” qrupunun müşayiəti ilə gənc skripkaçı Anar İbrahimovun ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.