Xəbərlər
Fövqəladə Hallar Nazirliyi: itkin düşən neftçilərin axtarışında peyk fotoşəkillərindən istifadə olunur
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirləri davam etdirir.
FHN-nin mətbuat xidmətindən bildiriblər ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işlərini davam etdirir. Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.
Axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İttifaqının axtarış-xilasetmə mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərindən də istifadə olunur.