Xəbərlər
Almaniyanın bir sıra şəhərlərində Azərbaycanın turizm potensialının təbliğinə dair tədbirlər keçirilib
Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism” şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə “Aviareps Tourism GmbH” şirkəti tərəfindən cari ilin noyabr-dekabr aylarında Almaniyanın Ştuttqart, Köln, Hannover və Drezden şəhərlərində silsilə təbliğat tədbirləri (roadshow) keçirilib.
Nazirlikdən bildirilib ki, tədbir çərçivəsində nümayəndəlik tərəfindən Azərbaycana dair təqdimatlar edilib, həmçinin Ştuttqartda 85, Kölndə 90, Hannoverdə 67, Drezdendə isə 65 iştirakçı olmaqla ümumilikdə 300-dən çox alman tur operatoruna təlimlər keçirilib. Bu tədbirlərdə ölkəmizə dair ümumi informasiya, statistik göstəricilər, uçuş imkanları, milli mətbəx, sağlamlıq və qış turizmi haqqında məlumatlar öz əksini tapıb. Həmçinin, iştirakçılara ölkəmizin turizm potensialına dair reklam-çap məhsulları və alman dilində “Aserbaidschan” bələdçi kitabı paylanılıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən Almaniyanın 200 tur operatoru üçün onlayn (e-learning) seminarın keçirilməsi planlaşdırılır.