Xəbərlər
Əhməd Əhmədzadə: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarından istifadə edilir
«Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarından istifadə edilir. Belə ki, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 31700 km kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.
Ə.Əhmədzadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına son 2 ildə respublikanın 34 rayonunun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 550 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Qazılmış subartezian quyuları vasitəsi ilə 10000 hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılmış, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilmişdir.
«Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi tapşırığın icrası olaraq 2012-ci ildə Yuxarı Mil kanalının 10,7 km-lik hissəsinin tikintisi ilə Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 hektar, 2013-cü ildə 4,75 km-lik hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 km-lik hissəsinin yenidənqurulması ilə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda Hacıqabul magistral kanalının 4,3 km-lik hissəsinin tikintisi ilə Hacıqabul rayonu ərazisində 1625 sahədə taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Sabirabad rayonunun (14397 hektar) və ona bitişik ərazidə Biləsuvar (1682 hektar) rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün beynəlxalq layihə şirkəti tərəfindən layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir»- deyə, Ə.Əhmədzadə qeyd edib.