Xəbərlər
Urbanizasiya siyasətində yeni çağırışlar
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Hazırki dövrdə şəhərsalma və memarlıq hər bir ölkənin inkişaf səviyyəsini, iqtisadi gücünü və gələcəyə baxışını əks etdirən əsas sahələrdən biridir. Məhz bu baxımdan ölkəmizdə şəhərlərin planlı şəkildə qurulması, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması və əhalinin rahat yaşayışının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin və davamlı inkişaf strategiyasının bariz nümunəsi, bu sahəyə dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Tarixi-mədəni irslə müasir memarlığın vəhdətinin qorunması, şəhərlərin ekoloji cəhətdən daha dayanıqlı, təhlükəsiz və insan yönümlü şəkildə inkişaf etdirilməsi istiqamətində yeni imkanların yaradılması ölkəmizin memarlıq və şəhərsalma sahələrində zəngin ənənələrə malik olduğunu göstərir. Eyni zamanda Azərbaycanın mühüm məsələlərin müzakirəsi üçün vacib platforma və əməkdaşlıq məkanı olması, qlobal tədbirlərə ev sahibliyi sahəsində olan təcrübə ölkəmizin beynəlxalq aləmdə rolunun daha da artmasına, müasir şəhərsalma siyasətinin inkişafına və dayanıqlı gələcək naminə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu mənada xüsusi əhəmiyyət daşıyan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası davamlı şəhər inkişafı, müasir urbanizasiya, ekoloji təhlükəsizlik və innovativ infrastruktur sahələrində qlobal əməkdaşlığın genişlənməsinə xidmət edir. Belə nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünya dövlətləri və beynəlxalq təşkilatlarla möhkəm əlaqələrə malik olmasını və şəhərsalma sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
182 ölkədən qeydiyyatdan keçən nümayəndələrin, mütəxəssislərin və beynəlxalq təşkilatların forum çərçivəsində qabaqcıl təcrübələrin müzakirəsində iştirakı, yeni tərəfdaşlıqların qurulması və aktual problemlərin həlli istiqamətində fikir mübadiləsinin aparılması Azərbaycanın dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da möhkəmləndirir, şəhərsalma sahəsindəki uğurlarını və gələcəyə yönəlik strateji baxışını açıq şəkildə göstərir. Ölkəmizin memarlıqda öz əksini tapan qədim tarixi, şəhərsalmanın çox sürətli inkişafı, ətraf mühit sahəsində həyata keçirilən davamlı tədbirlər, müasir infrastruktur layihələrinin uğurlu icrası və milli-mədəni irsin qorunmasına göstərilən xüsusi diqqət doğma vətənimizin beynəlxalq səviyyədə nüfuzunu daha da artırır.
Tarixi abidələrin bərpası, yeni yaşayış komplekslərinin və sosial obyektlərin inşası, yaşıllıq zonalarının genişləndirilməsi, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Azərbaycanın dayanıqlı inkişaf modelinə sadiqliyini nümayiş etdirir. Həmçinin, qədim memarlıq ənənələri ilə müasir şəhərsalma prinsiplərinin harmonik şəkildə birləşdirilməsi bölgə və şəhərlərə xüsusi gözəllik və müasir görünüş qazandırır. Bütün bunlar ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda inkişaf edən, yenilənən və gələcəyə inamla addımlayan dövlət kimi tanınmasına mühüm töhfə verir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri, Böyük Qayıdış Proqramının ən yüksək səviyyədə icra olunması, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılması istiqamətində görülən genişmiqyaslı tədbirlər dövlətimizin gücünü, siyasi iradəsini və xalqımıza olan diqqətini aydın şəkildə bəyan edir.
Müasir şəhər və kəndlərin salınması, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi həmin bölgələrin sürətli inkişafına təkan verir, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, yaşıl enerji zonalarının yaradılması və müasir infrastrukturun qurulması regionun gələcək tərəqqisi üçün möhkəm zəmin formalaşdırır. Doğma torpaqlarına qayıdan insanların təhlükəsiz, rahat və yüksək həyat şəraiti ilə təmin olunması isə Böyük Qayıdış Proqramının əsas məqsədlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır, Qarabağ və Şərqi Zəngəzurda davamlı inkişafın təmin olunmasına, sosial rifahın yüksəldilməsinə xidmət edir. Beləliklə şəhərsalma və memarlıq sahəsində planlı və ardıcıl şəkildə icra olunan layihələr Azərbaycanın inkişaf modelini təşkil etməklə sosial-iqtisadi yüksəlişə, şəhər mühitinin müasir standartlara uyğun yenidən qurulmasına şərait yaradır, bu sahədə formalaşmış təcrübənin, tətbiq edilmiş innovativ yanaşmaların və əldə olunan nəticələrin WUF 13 kimi mötəbər tədbirdə paylaşılmasına geniş perspektivlər açır.
