Xəbərlər
Azad olunmuş ərazilərdə yeni urbanizasiya konsepsiyası
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi və Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum Azərbaycanın müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə dövründə aparılan bərpa işlərində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevin 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı sərəncamın Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ərəfəsində imzalanması da xüsusi əhəmiyyətə malikdir.
Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil. Çünki rəsmi Bakı, eləcə də işğaldan azad edilmiş ərazilərimiz artıq nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu dəfələrlə təsdiqləyib. Belə mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bir də ona görə əhəmiyyətlidir ki, ilk dəfə Azərbaycana səfər edən qonaqların əksər hissəsi respublikamızı və şəhərlərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində görülən işləri öz gözləri ilə görmək imkanını qazanırlar.
Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı zamanı bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin ölkəmizə həvalə edildiyinə görə təşəkkürümü bildirib: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Cənab Prezidentin Forumdakı çıxışına istinadən vurğulamaq olar ki, Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə qürur hissi keçirir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Qeyd edilib ki, Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb.
Dövlətimizin başçısı Forumda qonaqlara Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər və qarşıya qoyulmuş vəzifələr barəsində geniş məlumat verib. Diqqətə çatdırıb ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.
WUF13-ün açılış mərasimində Prezident İlham Əliyevin nitqində vurğuladığı kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir: “Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən hansısa dəyəri əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq”.
