Xəbərlər
Böyük Qayıdış və dayanıqlı şəhərsalma siyasəti
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Paytaxt Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumu COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. 182 ölkədən 45 mindən çox nümayəndəni birləşdirən bu nüfuzlu forumun açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi olduğunu əsaslı şəkildə diqqətə çatdırdı.
İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayır. Şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.
Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında nəinki Bakının, o cümlədən Azərbaycanın bir çox qədim şəhərlərinin öz memarlığı ilə fərəhlənə biləcəyini vurğuladı və onlardan bəzilərini diqqətə çatdırdı. Qeyd etdi ki, vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.
Tarixi abidələrimiz təkcə bunlarla məhdudlaşmır. Cənab İlham Əliyev bildirdi ki, əlbəttə, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və əminəm ki, növbəti nəsil də eyni cür edəcək.
Bu gün Azərbaycanın şəhərsalma sahəsində ən diqqətçəkən layihələri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilir. Müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa edilən yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşmaları regionda yeni şəhərsalma modelinin formalaşmasına xidmət edir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-ci, 2023-cü və 2025-ci illərdə keçirilən milli şəhərsalma forumlarında, həmçinin Ümumdünya Məskunlaşma Günündə beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunub.
Prezident İlham Əliyev çıxışında ətraf mühit sahəsində görülən işlərdən də danışdı. “Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz” söyləyərək onu da əlavə etdi ki, çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. O, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü kimi “Sea Breeze” istirahət məkanını qeyd edən cənab İlham Əliyev qonaqlara ora getməyi tövsiyə etdi.
Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMTnin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir.
