Xəbərlər
Bakı beynəlxalq şəhərsalma gündəliyinin əsas məkanlarından biridir
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası indiyədək görülən işlər, gələcək planlar barədə beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşların təcrübəsindən yararlanmaq baxımından geniş imkanlar yaradır. İştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Bütün iştirakçıları birləşdirən əsas məqsəd hamı üçün daha yaxşı şəhər gələcəyinin formalaşdırılmasıdır. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. WUF13-ün məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.
Dövlətimizin başçısı İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində Azərbaycanı bu tədbirə aparan yolun hələ uzun illər əvvəl başladığını əsaslı şəkildə diqqətə çatdırdı. Qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduğumuzu qeyd edən cənab İlham Əliyev bildirdi ki, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Ölkəmizə ilk dəfə səfər edən qonaqlar şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.
2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumları təşkil olunur və bu platformalar dayanıqlı şəhər inkişafı ilə bağlı geniş ictimai dialoqun formalaşmasına xidmət edir. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları Azərbaycanın hazırkı dövrdə şəhərsalma sahəsində yeni təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Onlardan bəzilərini qeyd edən cənab İlham Əliyev vurğuladı ki, vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib: “Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın son illərdə beynəlxalq səviyyədə apardığı dialoq və əməkdaşlığın məntiqi davamıdır. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitat-ın Azərbaycana göstərdiyi etimadın ifadəsidir.
