Xəbərlər
Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş marafon keçirilib
Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətinin 10 illiyinə həsr olunmuş UFAZ - 10 İl Marafonu keçirilib.
Yarış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Savat Federasiyası, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan-Fransa Məzunları Assosiasiyası (AAAF), Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı və “Azərsun Holding”in sponsorluğu ilə təşkil olunub.
Beynəlxalq idman standartlarına uyğun keçirilən marafon “Yeddi Gözəl” musiqili fəvvarə kompleksindən başlayaraq “Bakı Kristal zalı” istiqamətində davam edib. Ümumi məsafəsi 10 kilometr olan yarışda 192 iştirakçı mübarizə aparıb. Qeydiyyat hər kəs üçün açıq olub və iştirakçılar kişilər, qadınlar və tələbələr kateqoriyaları üzrə yarışıblar.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, tələbə və idmansevərlər arasında ünsiyyətin, həmrəyliyin və komanda ruhunun gücləndirilməsi olub.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov UFAZ-ın ötən 10 il ərzində Azərbaycan ali təhsil məkanında xüsusi yer qazandığını və beynəlxalq təhsil modelinin uğurlu nümunəsinə çevrildiyini qeyd edib. Rektor bildirib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov isə çıxışında UFAZ-ın 10 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, tələbə və məzunların nailiyyətlərindən, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarından danışıb. O, marafonun yalnız idman yarışı deyil, həm də UFAZ-ın 10 illik inkişaf yolunu simvolizə edən tədbir olduğunu vurğulayıb.
Yarışın nəticələrinə əsasən, kişilər kateqoriyası üzrə I yerə Əli Rzazadə, II yerə Tural Hüseynli, III yerə Samir Hüseynov layiq görülüb. Qadınlar kateqoriyasında I yeri Tatyana Əliyeva, II yeri Yuliya Belkova, III yeri Mahsa Palar tutub. Tələbələr arasında isə I yerin qalibi Əhsən Əliyev, II yerin qalibi Kamal Rzayev, III yerin qalibi Ayxan Ağayev olub.
Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.
