YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal dialoq platformalarında mühüm tərəfdaş kimi çıxış edir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Müasir beynəlxalq münasibətlər sistemində sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq ən mühüm prioritetlərdən biri kimi çıxış edir. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən regionda sabitliyin, mehriban qonşuluq münasibətlərinin və davamlı inkişafın tərəfdarı kimi çıxış edib. Xüsusilə son illərdə ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursu göstərir ki, Azərbaycan regional əməkdaşlığın genişlənməsində, dayanıqlı sülhün təmin olunmasında və yeni siyasi münasibətlər sisteminin formalaşdırılmasında maraqlıdır.                                               

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş, sülhə və əməkdaşlığa sadiq dövlət kimi tanınır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün əsas yol qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və konstruktiv dialoqa əsaslanan münasibətlərdən keçir.                                

Azərbaycanın sülh gündəliyinə sadiqliyi xüsusilə postmünaqişə dövründə daha aydın şəkildə özünü göstərir. Ölkəmiz regionda yeni reallıqların formalaşdığını bəyan edərək əməkdaşlıq və inteqrasiya çağırışları edib. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh müqaviləsi layihəsi regionda uzunmüddətli sabitliyin əsasını təşkil edən mühüm siyasi addımlardan biridir. Bu yanaşma bir daha sübut edir ki, Azərbaycan revanşizm və qarşıdurma deyil, məhz qarşılıqlı etimada əsaslanan gələcək münasibətlərin tərəfdarıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ardıcıl səylər göstərir və artıq yeni mərhələnin formalaşması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülhün real olması artıq beynəlxalq səviyyədə də qəbul edilir.

Prezident İlham Əliyev çıxışında həmçinin qeyd etdi ki, Azərbaycan “Avropa Siyasi Birliyi” platformasında konstruktiv əməkdaşlığın tərəfdarıdır və ölkəmiz növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış edib. 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması isə ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir. Dövlətimizin başçısı bu qərarın Azərbaycan ilə Ermənistan arasında sülhün mümkünlüyünü nümayiş etdirən mühüm mesaj olduğunu xüsusi vurğuladı. Azərbaycanın sülh gündəliyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ölkəmiz regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və humanitar münasibətlərin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və logistika layihələri Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Bu gün Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyi, balanslı xarici siyasəti və humanist yanaşması ilə regionda sülhün əsas təminatçılarından birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, bölgədə qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfələr verir.          

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Dövlətimizin həyata keçirdiyi siyasət Cənubi Qafqazın sabit, təhlükəsiz və inkişaf edən məkan kimi formalaşmasına xidmət edir. Məhz bu strateji yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizi qlobal dialoq platformalarında mühüm tərəfdaş kimi ön plana çıxarır.