YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh gündəliyinə sadiqdir

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etmişdir. Dövlətimizin başçısı “Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı”nda çıxışı yalnız regional deyil, qlobal miqyasda diqqətlə izlənilən mühüm siyasi hadisə kimi yaddaşlarda qaldı. Cənab Prezident çıxışında Azərbaycanla Ermənistan arasında mövcud münasibətlərdən və davam edən sülh prosesindən, həmçinin Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyindən geniş bəhs edərək önəmli mesajlar vermişdir. Qeyd edilmişdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ümumilikdə regional təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malik olan bu sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. Xüsusi vurğulamışdır ki, “Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir.”

Cənab Prezidentin çıxışında toxunduğu digər mühüm məsələlərdən biri regional təhlükəsizlik məsələləri oldu. Dövlətimizin başçısı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə atdığı addımlar barədə məlumat verdi. O, ölkəmizin ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni reallıqların yarandığını və bu reallıqların sülh və əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd etdi. Çıxışında ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin iki dövlət arasında sülh prosesinə mühüm töhfə verdiyini xatırladaraq qeyd etmişdir ki,  hazırda sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.” Dövlətimizin başçısı Azərbaycan dövlətinin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu bir daha toplantı iştirakçılarının nəzərinə çatıraraq vurğulamışdır ki, ölkəmiz həm Şərq, həm də Qərb arasında etibarlı körpü rolunu oynayır və Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa üçün mühüm tərəfdaşa çevrilmişdir.

Bununla yanaşı, dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha diqqətə çatdırdı. O, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasının beynəlxalq münasibətlərin əsas prinsipi olduğunu vurğuladı və bu prinsiplərə hörmətin qlobal sabitliyin təmin olunmasında mühüm rol oynadığını bildirdi.

Cənab Prezidentin Zirvə toplantısında etdiyi çıxış və verdiyi mesajlar Azərbaycanın artan beynəlxalq nüfuzunun və diplomatik uğurlarının bariz göstəricisidir. Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan yalnız regional güc deyil, eyni zamanda qlobal məsələlərdə söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın təşəbbüsləri və Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına mühüm töhfə verir.