YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın növbəti ünvanı - Zəngilan şəhəri

“Tarixi Zəfərimizin reallıqları fonunda Böyük Qayıdış Proqramının uğurlu icrası bu gün sakinlərinə qovuşan şəhər və kəndlərimizin sayında özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri bir daha görülən işlərin təqdimatı oldu.  Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak etdilər. Qeyd edək ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular, Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edən cənab İlham Əliyevə görülmüş işlər barədə məlumat verildi. İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib. Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlər ilə görüşdülər. Göründüyü kimi, hər bir səfər azad edilmiş ərazilərimizin bərpasının, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışının prioritetliyini bir daha təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunu  bir daha dünyaya nümayiş etdirdi: “30 illik işğal dövründə bütün torpaqlarımız dağıdılmış,  tarixi və dini abidələrimiz yerlı-yeksan edilmişdir. Azərbaycan xalqı isə qurub-yaradır. Cəbrayıl şəhəri sakinlərinə qovuşan azad edilmiş şəhərlərimiz sırasındadır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şanlı Qələbəmizdən sonra azad edilmiş ərazilərimizə ilk səfəri 16 noyabr 2020-ci il tarixində məhz Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən şəhərlərinə olmuşdur. Cəbrayıl 44 günlük Vətən müharibəsində ilk azad edilən rayon idi. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə “İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq”.

Malik Həsənov vurğulayıb ki, cənab İlham Əliyev azad edilmiş ərazilərə səfəri çərçivəsində may ayının 10-da Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi: “Tariximizin bu qürurverici səhifəsinin Ümummilli Lider Heydər Əliyevin doğum günündə yazılmasının rəmzi mənası vardır. Zəngilan şəhəri tarixi Zəfərimizdən sonra Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan sayca 10-cu şəhər oldu. Dövlətimizin başçısı İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan geniş bəhs edən cənab İlham Əliyev bir daha qeyd etdi ki, Ümummilli Liderin Azərbaycan tarixində həlledici rolu yaddaşımızdan heç vaxt silinməyəcək.  Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışları, mesajları ilə zəngindir: “Hazırda cənab İlham Əliyevin Zəngilan şəhərində çıxışı zamanı verdiyi mesajlar dünya mətbuatında geniş müzakirə edilir. Ölkə Prezidenti  30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin postmünaqişə dövrünün reallıqlarını geniş təhlil edərək bu əminliyi ifadə etdi ki, bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir.  Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq”.

Malik Həsənov qeyd edib ki, cənab İlham Əliyev sakinlərlə görüşündə işğal dövründə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşləri zamanı verdiyi vədlərə və onların hazırda reallığa çevrilməsinə də diqqəti yönəltdi: “Dövlətimizin başçısı həmin görüşlərdə əminliklə bildirirdi ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra onlar üçün daha gözəl şərait yaradılacaq. Bu gün Cəbrayılın, Zəngilanın timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan şəraitin çox yüksək səviyyədə olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Onu da qeyd edək ki, azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən üç beynəlxalq hava limanından biri Zəngilandadır. Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Milli Şəhərsalma Forumlarından birinə Zəngilan şəhəri ev sahibliyi etdi. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Hədəf Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirməkdir. Azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda yaradılıb. Birinci yaşayış məntəqəsi Zəngilanın Ağalı kəndində qurulub. Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində qurulan ilk  kəndddir. Görülən işlərin miqyası olduqca genişdir”.

Millət vəkili bildirib ki, bu gün  artıq  sülh şəraitində yaşayırıq və sülhün müəllifi də Azərbaycandır. Dövlətimizin başçısı İlham Əliyevin “Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər” çağırışı özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bu gün dünyada həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və qurub-yaradan xalq kimi tanınmağımızın Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasında böyük rol oynadını xüsusi vurğuladı. Azərbaycan hazırda təkmil sülh modeli ilə dünyanın diqqətindədir.