Xəbərlər
Bali Demokratiya Forumunda Azərbaycanın uğurlarından bəhs olunub
Dekabrın 10-dan 12-dək İndoneziyada səkkizinci Bali Demokratiya Forumu keçirilib. 2008-ci ildən başlayaraq hər il təşkil olunan mötəbər tədbirdə bu dəfə 86 ölkənin hökumət və parlament nümayəndələri, diplomatik korpusun üzvləri iştirak ediblər.
İndoneziyanın vitse-prezidenti Yusuf Kallanın açdığı forumun mövzusu “Demokratiya və səmərəli ictimai idarəetmə” olub.
Forumda Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edərək ölkəmizin əldə etdiyi nailiyyətlər, səmərəli idarəetmə sistemi kimi formalaşan “ASAN xidmət” haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ictimai idarəetmədə “ASAN xidmət” kimi sistem şəffaflıq və məsuliyyəti təmin etməklə bərabər, həm də korrupsiya üçün şəraitin aradan qaldırılmasında çox səmərəli vasitədir. “ASAN xidmət” mərkəzlərində dövlət qurumlarının və özəl təşkilatların 200-dən artıq xidməti təklif olunur və bu, Azərbaycan mütəxəssislərinin “elektron hökumət” üçün hazırladığı proqram təminatı vasitəsilə müasir informasiya texnologiyalarının tətbiqidir.
Qeyd edilib ki, “ASAN xidmət”in rolu ictimai xidmətlərin göstərilməsində qabaqcıl model kimi artıq tanınmaqdadır və ictimai xidmətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyən ölkələr üçün ən yaxşı təcrübədir. Vurğulanıb ki, BMT Azərbaycanda yaradılmış “ASAN xidmət”i sosial sahədə ölkənin nailiyyətlərindən biri hesab edərək onu “2015-ci il Dövlət Xidmətləri Mükafatı”na layiq görüb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazimizin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları da çıxışda qeyd edilib. Bildirilib ki, bu, müasir Avropanın siyasi xəritəsində əsas insan hüquqlarının davam edən ən kütləvi pozuntusudur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə bununla bağlı qəbul etdiyi qətnamələrin icra olunmasına Ermənistanı vadar etmək üçün beynəlxalq ictimaiyyətin birgə səy göstərməsinə çağırış səsləndirilib.