YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB İqtisadi Şurasının 68-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 68-ci iclası keçirilib. Bu il sonuncu olan həmin iclasda Azərbaycanı iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

İclasda Azad Ticarət Zonası haqqında Protokolun, Radioaktiv mənbələrin yerdəyişməsi məsələlərinə dair informasiya mübadiləsi və elektroenergetika sferasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Sazişin layihələri bəyənilib.

Energetika sahəsində Əməkdaşlıq Konsepsiyasının reallaşdırılmasına dair Təxirəsalınmaz Tədbirlər Planına dəyişikliklər edilməsi qərara alınıb.

İclasda 2020-ci ildə MDB üzvü olan dövlətlərdə əhalinin siyahıyaalınması, 2013-2015-ci illərdə sığorta xidmətləri bazarının inkişafı, bank tənzimləmə və nəzarət fəaliyyətinin inkişafı, dəmiryol nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsinin gedişi haqqında informasiya təqdim edilib.

İqtisadi Şuranın üzvləri 2016-cı ilə qədər olan dövrdə Dövlətlərarası Radionaviqasiya Proqramının həyata keçirilməsinin gedişi barədə fikir mübadiləsi aparıblar. Energetika sahəsində Əməkdaşlıq Konsepsiyasının reallaşdırılmasına dair Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi üzrə görülmüş işlər bəyənilib.

Müzakirələrin gedişində səslənmiş iradlar nəzərə alınmaqla həmin sənədlərin layihələri MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.

İqtisadi Şuranın növbəti iclasını 2016-cı il martın 18-də Moskvada keçirmək nəzərdə tutulur. Elə həmin gün Rusiyanın paytaxtında MDB ölkələrinin “25 il birlikdə: qarşılıqlı fəaliyyətin yeni formatları” mövzusunda beynəlxalq iqtisadi forumu keçiriləcək.