YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmançılarımızın qələbəsi milli qürur mənbəyidir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan idman tarixində güləş xüsusi yer tutur. Əsrlər boyu formalaşmış bu idman növü xalqımızın milli-mədəni irsinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün də güləş Azərbaycanda ən populyar və ən uğurlu idman sahələrindən biri olaraq inkişaf etməkdədir. 2026-cı ildə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatı Azərbaycan güləş tarixində mühüm hadisə kimi yadda qaldı. Yarışda Azərbaycan milli komandası həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yüksək nəticələr göstərərək komanda hesabında Avropa çempionu oldu. Bu, ölkənin idman potensialının və güləş məktəbinin gücünü bir daha sübut etdi.

Prezident İlham Əliyev bu böyük uğur münasibətilə güləşçilər və onların məşqçiləri ilə görüş keçirdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, komanda hesabında birinci olmaq çox böyük nailiyyətdir və bu qələbə bütün Azərbaycan xalqını sevindirir. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, idman yalnız yarış nəticələri ilə deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Hər dəfə beynəlxalq yarışlarda Azərbaycan bayrağının yüksəlməsi xalqda böyük qürur hissi yaradır və bu, idmanın cəmiyyət üçün əhəmiyyətini artırır.

Azərbaycan güləşinin uğurlarının əsas səbəblərindən biri bu sahədə möhkəm ənənələrin olmasıdır. Tarixən xalq arasında geniş yayılmış güləş növləri sonradan müasir idman sisteminə inteqrasiya olunmuş və peşəkar səviyyəyə yüksəlmişdir. Bu, həm də nəsillər arasında davamlılığın təmin olunduğunu göstərir. Keçmiş çempionların bu gün məşqçi kimi fəaliyyət göstərməsi və yeni idmançıların yetişdirilməsi Azərbaycan güləş məktəbinin güclü sistemə malik olduğunu sübut edir. Güləşçilərimizin Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında qazandıqları medallar Azərbaycan bayrağını yüksəklərə qaldıraraq xalqımızda böyük qürur hissi yaradır. Bu uğurlar gənc nəslə nümunə olur, onları sağlam həyat tərzinə və vətənpərvərlik ruhunda böyüməyə təşviq edir. Dövlət başçısının qeyd etdiyi kimi, idman nailiyyətləri artıq ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Müasir idman infrastrukturu, dövlət dəstəyi və peşəkar məşqçi heyəti sayəsində Azərbaycan idmanı, xüsusilə güləş, beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanda idmana göstərilən dövlət qayğısı güləşin inkişafında mühüm rol oynayır. Ölkənin müxtəlif bölgələrində müasir Olimpiya idman komplekslərinin və güləş zallarının tikilməsi gənclərin bu idman növünə marağını artırır. Müasir dövrdə Azərbaycan güləşində gənclərin rolu xüsusilə diqqətəlayiqdir. Gənc idmançıların beynəlxalq arenada qazandıqları uğurlar göstərir ki, ölkədə güləşin gələcəyi etibarlı əllərdədir. Azərbaycan güləşi zəngin tarixə, güclü ənənələrə və parlaq gələcəyə malikdir. Avropa çempionatında qazanılan son qələbə bu sahənin inkişafının davamlı xarakter daşıdığını bir daha sübut etdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu ənənələr qorunur və inkişaf etdirilir.

Güləş yalnız idman növü deyil, həm də milli qürur mənbəyidir. Bu sahədə əldə olunan uğurlar Azərbaycanı beynəlxalq idman arenasında daha da tanıdır və ölkənin nüfuzunu artırır.