Xəbərlər
Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə üçrəngli bayrağımızı dalğalandırırlar
Faqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Müasir dövrdə idman yalnız fiziki sağlamlıq vasitəsi kimi deyil, həm də cəmiyyətin dinamizmini və intellektual potensialını əks etdirən amil kimi çıxış edir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı və əldə etdiyi nəticələr ölkəmizin güclü dövlət, bütün sahələrdə zəngin təcrübəyə və imkanlara malik olduğunu nümayiş etdirir. Ölkəmizdə idmanın kütləviləşdirilməsi prioritet məsələdir. İdmanın bütün növlərinin ölkəmizdə inkişaf etdirilməsi üçün zəruri olan bütün imkanlar yaradılır.
Cənab İlham Əliyev aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən bildirdi ki, Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. İdmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur.
O da qeyd edildi ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir: “Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.
Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Təcrübəmiz də böyükdür. Azərbaycan ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Ötən il III MDB Oyunlarına ev sahibliyi edən Azərbaycan bir daha təsdiqlədi ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də belə tədbirlərin keçirilməsinə hazırdır. Ölkəmizdə çoxgüclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Azərbaycanın bu gün dayanıqlı inkişafı, təkmil inkişaf modeli ilə dünyanın diqqətində olmasını şərtləndirən əsas amillərdən biri təbii ki, əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxmasıdır. Cənab İlham Əliyevin bu çağırışı bütün sahələrdə özünün aydın ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, hər ilin sonunda idman yekunları açıqlayarkən müqayisəli təhlil əsasında uğurların miqyasının genişləndiyini aydın şəkildə görürük. İdmanın inkişaf göstəricilərindən biri medallardır. Azərbaycan idmançıları iştirak etdikləri yarışlarda hər zaman qələbələri, qazandıqları medalları ilə xalqımızı sevindirirlər. Bu gün böyük əminliklə qeyd edirik ki, cari ildə qazanılacaq medalların sayı ötən ildən çox olacaq.
Ötən ilin idman yekunlarına əsasən, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir.
