Xəbərlər
Sabunçuda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Ramana qəsəbəsi, Tural Əsgərli küçəsi” (337 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar partiya fəalları ilə görüş keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşmışdır. Qeyd olunub ki, Ümummilli Lider xalqın birlik və həmrəyliyini təmin edərək ölkəmizdə sabitlik, inkişaf və tərəqqinin əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin təhsilə və gənc nəslin yetişməsinə verdiyi önəm xalqımızın firavan gələcəyini formalaşdıran ən mühüm istiqamətlərdən biri olmuşdur.
Çıxış edən məktəbin direktoru Kənan Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Azərbaycan xalqı bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir.
Daha sonra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
