Xəbərlər
“Zərifə Əliyeva - oftalmologiya elminin görkəmli siması”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə Əliyeva - oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyeva həm görkəmli alim-oftalmoloq, həm də yüksək mənəviyyata malik ziyalı qadın, fədakar ana və böyük şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun həyatı elmə, insanlara xidmətə və Vətənə bağlılığın parlaq nümunəsidir. Qeyd olunub ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında xüsusi mərhələ yaratmış alimlərdəndir. O, yalnız praktik həkim kimi deyil, həm də fundamental elmi tədqiqatçı kimi böyük nüfuz qazanıb.
Həbib Misirov çıxışında vurğulayıb ki, Zərifə Əliyeva qayğıkeş ana və vəfalı ömür-gün yoldaşı kimi də örnək olub, cəmiyyətimizə layiqli, Vətənə bağlı övladlar bəxş edib. Onun həyat yolu gələcək nəsillər üçün daim nümunə olaraq qalır.
“Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ənvər İmaməliyev çıxışında qeyd edib ki, Zərifə Əliyeva 150-dən çox elmi əsərin və bir sıra monoqrafiyaların müəllifi olub, oftalmologiyanın müxtəlif sahələrinə dair fundamental tədqiqatlar aparıb. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilib. Bildirilib ki, akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya sahəsində ixtisaslaşmış ilk elmi tədqiqat laboratoriyası yaradılıb, onun fəaliyyəti nəticəsində yüksək ixtisaslı gənc alim və həkim-oftalmoloqlar nəsli formalaşıb.
“Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin müdiri Solmaz Şixlinskaya çıxış edərək vurğulayıb ki, Zərifə Əliyeva xüsusilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasında mühüm rol oynayıb. Onun apardığı tədqiqatlar nəticəsində bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Eyni zamanda, alimin sənaye müəssisələrində çalışan işçilərdə yaranan göz patologiyaları ilə bağlı araşdırmaları əmək gigiyenası və peşə xəstəlikləri sahəsində mühüm yeniliklərə yol açıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənmiş bir qrup fəal üzvə fəxri fərmanlar təqdim edilib.
