YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Dövlətimizin başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşdü.

Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirildi.

Sonra qarşılılıqlı hədiyyələr təqdim olundu.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu dedi.

Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamladı. O, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verdi. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirdi.

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edildi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirdi. Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğuladı, müvafiq proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multukulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı.